Bakı.Trend:
Bakıda avtomobilinə yanlış yanacaq doldurulan şəxs məhkəmədə qalib gəlib.
Trend-in məlumatına görə, iddiaçı ötən il avtomobilinə yanacaq doldurmaq üçün cavabdeh şirkətə məxsus yanacaq doldurma məntəqəsinə yaxınlaşıb.
İddiaçı məntəqə işçisinə avtomobilinə 50 manatlıq dizel yanacaq doldurmasını bildirib. Lakin məntəqə işçisi avtomobilinə “Ai 92” markalı benzin doldurub. Nəticədə avtomobilin farsunka və yanacaq filtri yararsız hala düşüb. Vətəndaş avtomobili evakuator vasitəsilə servisə aparıb. Yoxlama zamanı müəyyyən olunub ki, nasazlıqların aradan qaldırılması üçün ümumilikdə 5525 manat pul tələb olunur.
İddiaçı avtomobilinə yanlış yanacağın doldurulması səbəbindən ona vurulmuş maddi zərərin əvəzi kimi 5525 manat məbləğində pul vəsaitinin, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75 manatın, 1000 manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edib.
Səbail rayon Məhkəməsinin qərarı ilə iddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 5.525 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 75 manat, cəmi 5.600 manat məbləğində pul tutulub.