Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında ilkin səhiyyə xidmətlərinin əlçatanlığının artırılması məqsədilə kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin bazasında 32 Ailə Sağlamlıq Mərkəzi yaradılıb və müasir tibbi avadanlıqlarla təmin edilməsi məqsədilə bir sıra satınalmalar həyata keçirilib.
Bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov deyib.
O bildirib ki, Naxçıvan Muxtar Respublikasında 2023-cü ildən bəri səhiyyə sahəsində həyata keçirilən müsbət dəyişikliklər tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsində önəmli rol oynayıb:
"Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilmiş yeniliklər mühüm əhəmiyyət kəsb edir. Bu proqrama uyğun olaraq regionlarda ilkin səhiyyə xidmətlərinin əlçatanlığının artırılması məqsədilə kənd həkim ambulatoriyaları və feldşer-mama məntəqələrinin bazasında 32 Ailə Sağlamlıq Mərkəzi yaradılıb və müasir tibbi avadanlıqlarla təmin edilməsi məqsdəilə bir sıra satınalmalar həyata keçirilib.
Hər bir ASM üçün rentgen, hemotoloji analizator, elektrokardioqraf (EKQ), ultrasəs müayinə cihazı (USM) və digər zəruri avadanlıqlar alınıb. Əlavə olaraq muxtar respublikada peyvəndləmə prosesinin avtomatlaşdırılması məqsədilə Smart peyvənd sisteminin tətbiqi üçün müvafiq avadanlıqlar, o cümlədən, smart soyuducular alınıb".
Nazirin sözlərinə görə, əhaliyə göstərilən təcili tibbi yardım xidmətinin keyfiyyətinin artırılması məqsədilə 52 tam təchizatlı ambulans alınıb və yaxın gələcəkdə təhvil verilməsi nəzərdə tutulub.
"Bundan əlavə əvvəllər 8 geolokasiyada fəaliyyət göstərən Təcili Tibbi Yardım Xidmətinin geolokasiyalarının sayı 14-ə çatdırılıb. Qeyd edək ki, yaradılan 32 Ailə Sağlamlıq Mərkəzlərinin hər birində yeni geolokasiyaların yaradılması nəzərdə tutulub.
Təcili Tibbi Yardım Xidmətinin fəaliyyətinin effektivliyini artırmaq məqsədilə ambulanslar daxili və xarici müşahidə kameraları ilə təmin edilib. Avtomobillərdə quraşdırılan GPS sistemi hərəkət istiqamətini və sürətini real vaxt rejimində izləyərək, koordinasiya mərkəzindəki işçilərə təcili tibbi yardım avtomobillərinin mövcud vəziyyətini asanlıqla təhlil etməyə imkan verir. 103 çağrı mərkəzində quraşdırılan proqram təminatı, vahid koordinasiya mərkəzindən avtomobillərin idarə olunmasını tam şəkildə təmin edir", - deyə o qeyd edib.
Samiq Sadıxov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında xroniki böyrək çatışmazlığı olan xəstələrə göstərilən ixtisaslaşdırılmış tibbi yardımın yaxşılaşdırılması məqsədilə “Naxçıvan Muxtar Respublikası Hemodializ Mərkəzi” yaradılıb:
"Yaradılan mərkəzin müasir tibbi avadanlıqlarla təmin edilməsi üçün 53 ədəd hemodializ cihazı və pasientlərin müalicə prosesini daha rahat keçirə bilməsi üçün 48 ədəd hemodializ kreslosu alınıb. Naxçıvan şəhərində yaradılan şəraitlə yanaşı, rayonlarda da hemodializ xidmətlərinin təkmilləşdirilməsi məqsədilə Culfa, Ordubad, Şərur və Kəngərli Rayon Mərkəzi Xəstəxanalarına hemodializ cihazları və kresloları təhvil verilib".
Nazir bildirib ki, səhiyyə sahəsində həyata keçirilən mühüm islahatlardan biri də Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında Təcili Tibbi Yardım şöbəsinin yaradılmasıdır.
"Xəstəxanada 10 çarpayılıq triaj üsulu ilə fəaliyyət göstərən, funksional çarpayılar, xəstəbaşı monitorlar, infuzomatorlar və perfuziya aparatları kimi müasir tibbi avadanlıqlarla təmin edilmiş şöbənin yaradılması uşaqların sağlamlığının qorunmasında atılmış mühüm bir addımdır.
Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Xəstəxanasında müasir standartlara cavab verən triaj üsulu ilə fəaliyyət göstərən 24 çarpayılıq Təcili Tibbi Yardım Bölməsi də istifadəyə verilib. Bölmə müasir tibbi avadanlıqlarla tam təmin edilib.
Naxçıvan Sağlamlıq Mərkəzində tibbi xidmətin keyfiyyətinin artırılması istiqmətində bir sıra yeniliklər həyata keçirilib. Mərkəzə müasir standartlara cavab verən tibbi cihaz və zəruri avadanlıqlar alınıb. Bundan əlavə xəstəxanada onkoloji xəstələrin kimyaterapiya prosesini rahat keçirə bilmələri üçün bölmə yaradılıb. Ən müasir avadanlıqlarla təchiz edilmiş iki yeni əməliyyat otağı yaraılıb. Mərkəzdə pasiyentlər üçün yüksək səviyyəli xidmət təklif edən müasir standartlara cavab verən palatalar yaradılıb", - deyə o vurğulayıb.
"Son illərdə səhiyyə infrastrukturunun yenilənməsi, peşəkar tibbi personalın cəlb olunması və müasir tibbi avadanlıqların təmin edilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında ağır və mürəkkəb cərrahi əməliyyatlar yerli xəstəxanalarda uğurla həyata keçirilir. Bu, Bakı şəhərinə müraciətlərin sayında nəzərəçarpacaq azalmaya səbəb olub.
Əlavə olaraq Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığortanın tətbiqi əhalinin tibbi xidmətlərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Artıq vətəndaşlar sığorta çərçivəsində ilkin tibbi yardımdan tutmuş mütəxəssis konsultasiyalarına və zəruri laborator müayinələrə qədər geniş çeşiddə xidmətlərdən pulsuz və fasiləsiz şəkildə yararlana bilirlər. Bu yanaşma, həm əhalinin tibbi xərclər baxımından yükünü azaldıb, həm də səhiyyə sistemində xidmətin keyfiyyətini və əlçatanlığını artırıb", - deyə S.Sadıxov əlavə edib.
Səhiyyə nazirinin sözlərinə görə, son illərdə muxtar respublikada səhiyyə sahəsində əldə edilmiş uğurlar Bakıdan və digər bölgələrdən mütəxəssislərin Naxçıvanda fəaliyyət göstərməyə marağını artırıb.
"Müasir avadanlıq, yüksək iş şəraiti və sosial təminat imkanları bu sahədə müsbət tendensiya yaradıb.
Xaricdə ali tibbi təhsil alan naxçıvanlı mütəxəssislərin doğma bölgəyə geri qayıdaraq burada fəaliyyət göstərməsi müsbət hal alıb. Onların qazandığı bilik və təcrübə muxtar respublikanın səhiyyə sisteminin inkişafına töhfə verir.
Səhiyyə sahəsində aparılan bu ardıcıl və məqsədyönlü islahatlar göstərir ki, sağlam gələcəyin təmin olunması istiqamətində ciddi irəliləyişlər əldə olunub və bu proses uğurla davam etdiriləcək",- deyə o fikirlərini tamamlayıb.