Bakı. Trend:
İran ABŞ ilə fikir ayrılıqları və münaqişələri dialoq və danışıqlar yolu ilə çox asanlıqla həll edə biləcəyinə inanır.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xarici mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İran həmişə sülh tərəfdarı olduğunu bəyan edib. Bu İranın devizidir.
Pezeşkian deyib ki, İran hamının sülh və əmin-amanlıq içində yaşamasını istəyir. Digər tərəfdən də İran vətəndaşları istənilən hücum zamanı özünü müdafiə etmək iqtidarındadır.
“Mən inanıram ki, ABŞ prezidenti regionu və dünyanı sülh və əmin-amanlığa doğru istiqamətləndirə və yaxud digər tərəfdən onu əbədi müharibələrə apara bilər”, - deyə o bildirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.