Bakı. Trend:
İran həm keçmişdə, həm indi, həm də gələcəkdə atom bombası əldə etməyə çalışmadığını bəyan edib.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xarici mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İranın atom bombası hazırlamağa çalışdığı ilə bağlı iddialar əsassızdır, çünki bu, İranın Ali Liderinin mövqeyi və verdiyi qəti qərarlarla ziddiyyət təşkil edir.
Pezeşkian deyib ki, İranın atom bombası hazırlamaq niyyətində olmadığı faktı Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq çərçivəsində dəfələrlə təsdiqini tapıb. Çünki AEBA müfəttişləri həmişə İranın nüvə obyektlərini yoxlayıb və İranın nüvə silahı istəmədiyini əsaslandırmaq üçün baxışlar keçiriblər. Lakin təəssüflər olsun ki, bu əməkdaşlıq İranın nüvə obyektlərinə qarşı qanunsuz hücumlar nəticəsində pozulub.
Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.