...

Xankəndiyə dəmir yolu: Qarabağın mobilliyində yeni dövr - RƏY

İqtisadiyyat Materials 7 İyul 2025 19:19 (UTC +04:00)
Xankəndiyə dəmir yolu: Qarabağın mobilliyində yeni dövr - RƏY
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Belə ki, kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, nəqliyyat növlərinin çoxluğu bölgədə əlçatanlığı artırır və mobilliyə müsbət təsir göstərir.

Onun sözlərinə görə, insanların hər hansı bir məkana rahat çatmaq imkanı bölgənin iqtisadi inkişafına birbaşa təsir edir:

“Yenidən qurulan Qarabağda vaxtilə dağıdılmış yollar bərpa olunur. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi Qarabağın dirçəlməsinə və inkişafına müsbət təsir göstərəcək. Gözlənilir ki, yaxın 2 il ərzində Ağdamdan Xankəndiyə dəmir yolu tikilərək istifadəyə veriləcək. Hazırda tikinti işləri Ağdama qədər davam etdirilir”.

Ekspertin sözlərinə görə, bu marşrut üzrə gündəlik Bakı–Xankəndi arasında sərnişin qatarları hərəkət edəcək:

“Bu da Qarabağa daha rahat və komfortlu səfər üçün yeni imkanlar yaradacaq. Eyni zamanda, dəmir yolu və avtovağzal kompleksinin eyni sahədə yerləşməsi əlavə üstünlüklər təmin edir. Beləliklə, insanlar qatardan endikdən sonra müxtəlif istiqamətlərə səyahət etmək imkanı əldə edəcəklər. Kompleks multimodal daşımaları özündə birləşdirir. Bu da əks istiqamətdə bölgələrdən Bakıya səyahət üçün də şərait yaradır”.

“Ümumilikdə dəmir yolu sahəsində müxtəlif istiqamətlər üzrə mühüm işlər görülür. Bu işlər yeni inkişaf mərhələsinə keçidi və sürət artımını təmin edir. Bu sürətə uyğun olaraq həm yeni qatar tərkiblərinin alınması, həm də şaxələnmiş dəmir yolu şəbəkəsi vasitəsilə müxtəlif istiqamətlərə reyslərin açılması zərurəti yaranır. Düşünürəm ki, yaxın illərdə bu prosesin daha aktiv həyata keçirildiyini müşahidə edəcəyik”- R. Ağamirzəyev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti