Bakı.Trend:
Cari ildə kiçikhəcmli gəmilərin dövlət qeydiyyatı və istismar qaydalarının tələblərini pozmuş 51 istifadəçi barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilib.
Bunu Trend-ə açıqlamasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili deyib.
Qurum rəsmisi çimərliklərdə hidrosikllara nəzarətlə bağlı mövzuya da toxunub:
“Hidrosikl kiçikhəcmli gəminin bir növüdür. Xüsusən çimərlik mövsümündə hidrosikllərdən istifadənin daha çox olduğunu nəzərə alaraq Xidmət əməkdaşları nəzarət tədbirlərini gücləndirib. Kiçikhəcmli gəmi istifadəçiləri o cümlədən hidrosikl sürücüləri unutmamalıdırlar ki, onlar xüsusi zolaqlarda hərəkət etməli və çimərlik ərazilərinə daxil olmamalıdırlar. Əgər bu kimi hallar aşkar olunarsa, qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olaraq barələrində tədbirlər görülür”.