Bakı. Trend:
Hazırda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən qurulan “Sülh körpüsü” dialoq platforması təşəbbüsü çərçivəsində fəaliyyət davam etdirilir.
Bunu Trend-ə açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.
Mərkəz direktoru bildirib ki, hər iki tərəfdən olan qruplar öz ölkələrində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirir. Eyni zamanda media üzərindən, müxtəlif media platformalarından istifadə etməklə dialoqlar təşkil olunur.
“Bu il ərzində, xüsusilə ilin birinci yarısında bir neçə plan nəzərdə tutulur. Bura elmi konfranslar, beynəlxalq tədbirlər daxildir. Məsələn, bu il Azərbaycanda Ümumdünya Şəhərsalma Forumunun (World Urban Forum) 13-cü sessiyası (WUF13), Ermənistanda 8-ci Avropa Siyasi Birliyi (European Political Community — EPC) Sammiti keçiriləcək. Qarşı tərəf təşəbbüs irəli sürdüyü təqdirdə, Azərbaycan Ermənistan numayəndələrinin WUF13-də iştiakı məsələsinə baxacaq”.

F.Məmmədov vurğulayıb ki, planlar əsasən birgə fəaliyyətlə bağlıdır. Digər tərəfdən, növbəti səfərlər də planlaşdırılır:
“Səfərlərin tarixləri iştirak edən nümayəndə heyətlərinin proqramlarına uyğun şəkildə müəyyənləşdiriləcək. Qrupların tərkibi dəyişkən ola bilər — beş, üç və ya dörd nəfərdən ibarət ola, həmçinin yeni iştirakçılar da cəlb edilə bilər. Bu baxımdan hər hansı bir məhdudiyyət mövcud deyil. Yaxın 4–5 ay ərzində növbəti səfərlər və birgə fəaliyyətin şahidi olacağıq. Tədbirlərin keçirildiyi məkanlar Azərbaycan və Ermənistan olacaq. Proses sırf ikitərəfli xarakter daşıdığı üçün fəaliyyətlər əsasən bu iki ölkədə reallaşdırılacaq”.
F.Məmmədov əlavə edib ki, bununla yanaşı, Azərbaycanda və Ermənistanda keçirilən, “Sülh körpüsü” təşəbbüsünə birbaşa aidiyyəti olmayan beynəlxalq tədbirlərdə də hər iki ölkənin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
“Həm ekspertlər, həm də vətəndaş cəmiyyəti səviyyəsində səfərlər nəzərdə tutulur. Qeyd olunan səfərlər birbaşa “Sülh körpüsü” təşəbbüsü çərçivəsində olmasa da, beynəlxalq tədbirlərlə əlaqədar olaraq Azərbaycan və Ermənistana səfərlər planlaşdırılır”, - deyə o fikrini tamamlayıb.
Qeyd edək ki, “Sülh körpüsü” dialoq platforması Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədilə yaradılıb. Platforma çərçivəsində tərəflər mütəmadi olaraq görüşlər keçirir, sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaş cəmiyyətinin rolu kimi məsələləri müzakirə edirlər.
İlk görüş 21–22 oktyabr 2025-ci il tarixlərində İrəvanda baş tutub və dialoqun əsas istiqamətləri müəyyənləşdirilib. Növbəti mühüm görüş 21–22 noyabr 2025-ci il tarixlərində Bakıda keçirilib və burada hər iki ölkədən ekspertlər və QHT nümayəndələri iştirak ediblər. Görüşlər zamanı gələcək birgə fəaliyyətlər, ictimai dialoqun genişləndirilməsi və media üzərindən əlaqələrin gücləndirilməsi məsələləri ön plana çıxıb.
