...

33 ölkə üzrə 231 universitetdə Dövlət Porqramı çərçivəsində təhsil almaq mümkün olacaq

Cəmiyyət Materials 12 Yanvar 2026 18:08 (UTC +04:00)
33 ölkə üzrə 231 universitetdə Dövlət Porqramı çərçivəsində təhsil almaq mümkün olacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.

Trend xəbər verir ki, yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.

Prioritet 15 ixtisas bunlardır: informasiya texnologiyaları; mühəndislik; statistika və verilənlərin təhlili; fundamental və tətbiqi elmlər; ictimai səhiyyə; təhsil; ətraf mühit; aviasiya və kosmos; dövlət idarəetməsi; nəqliyyat və logistika; energetika; iqtisadiyyat; maliyyə; arxitektura və dizayn; kənd təsərrüfatı.

Siyahıda qeyd edilən universitetlərdən 2026/2027-ci tədris ilində "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində ilk 200-lükdə yer alan doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına müraciət edə bilərlər.

Dövlət Proqramı çərçivəsində sənəd qəbulu dövründə yalnız ənənəvi təhsil (offline) və doktorantura dərəcələri üzrə yalnız siyahıda yer alan ATM üzrə (ikili və birgə diplomları nəzərə alınmır) qəbul sənədlərinin qiymətləndirilməsi aparılır.

Eyni zamanda, 15 prioritet ixtisas sahələri ilə yanaşı 2026/2027-ci tədris ilində "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər Dövlət Proqramına müraciət edə bilərlər. Ötən illərdə University College London (UCL) üzrə göndərilən namizədlərin sayını nəzərə alaraq bu yanaşma 2026/2027-ci tədris ilində UCL üçün tətbiq olunmayacaq və yalnız siyahıda olan proqramlar üzrə müraciətlər qəbul olunacaq.

Prioritet ixtisas sahələri ilə yanaşı, "mədəniyyət və incəsənət" sahəsi üzrə ayrıca əlavə olunmuş siyahıya uyğun nüfuzlu ali təhsil müəssisələri tərəfindən təqdim olunan bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər dövlət proqramına müraciət edə bilərlər.

Siyahıların açıqlandığı dövr ərzində aşağıda verilən proqramlar sırasında müvafiq ali təhsil müəssisəsi tərəfindən təhsilin forması "executive", "distant" və "non-degree", tərəfdaş universiteti siyahıda olmayan "joint degree" formatına dəyişdirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti