Bakı.Trend:
İtaliyanın bərpa olunan enerji mənbələri üzrə təcrübəsi Azərbaycanın enerji sektorunun şaxələndirilməsi strategiyasına mühüm töhfə verə bilər.
Bunu Trend-ə özəl müsahibəsində İtaliya- Azərbaycan Hökumətlərarası Komissiyasının Bakıdakı altıncı iclası münasibətilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirinin müavini Edmondo Çirielli bildirib.
“İtaliya ‘yaşıl’ enerji sektorunun inkişafına əhəmiyyətli resurslar yatırır. Bu gün biz bərpa olunan enerji mənbələri sahəsində dünyanın ən böyük operatorlarından biriyik. İtaliyanın BEM və ‘yaşıl’ enerji üzrə təcrübəsi Azərbaycanın enerji şaxələndirilməsi strategiyasının həyata keçirilməsinə və yeni investisiya imkanlarının yaradılmasına töhfə verə bilər”, – deyə Çirielli bildirib.
O vurğulayıb ki, İtaliyanın “CESI SpA” şirkəti artıq Azərbaycanla fəal əməkdaşlıq edərək “yaşıl” enerji dəhlizi layihələrinin, eləcə də Transxəzər interkonnektorunun texniki-iqtisadi əsaslandırmalarını aparır. Bu layihələr Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji bazarlarının Şərqi Avropa ilə inteqrasiyasını təmin edə və bərpa olunmayan yanacaq növlərindən asılılığın azaldılmasına töhfə verə bilər.
Bununla yanaşı, onun sözlərinə görə, İtaliya şirkətləri emal sənayesinin inkişafına da töhfə verə, Azərbaycanın tullantıların idarə olunması sisteminin səmərəliliyinin artırılmasına yönəlmiş dövlət proqramlarını dəstəkləyə bilərlər.
O əlavə edib ki, eyni zamanda tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş yeni saziş və memorandumlar üzrə danışıqların sürətləndirilməsində maraqlıdırlar.
Qeyd edək ki, texniki potensialına görə ölkədə bərpa olunan enerji mənbələrinin gücü quruda 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir. Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub, burada bərpa olunan enerji mənbələrinin ümumi potensialı 20 QVt-a çatır.
Proqnozlara görə, 2027-ci ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 25%-ə, 2030-cu ilə qədər isə 30%-ə çatacaq. Birinci mərhələdə (2027-ci ilin sonuna qədər) təxminən 2 QVt gücündə yeni qurğuların istifadəyə verilməsi planlaşdırılır, sonrakı illərdə isə bu rəqəm 6 QVt-dan çox olacaq. Əgər birinci mərhələdə prioritet daxili istehlaka veriləcəksə, sonrakı mərhələdə elektrik enerjisinin ixracı və data mərkəzlərinin enerji təchizatı təmin olunacaq.
Azərbaycanda bərpa olunan enerjinin inkişafı beynəlxalq “yaşıl” enerji dəhlizlərinin formalaşması ilə sıx bağlıdır. Bunlara Xəzər dənizi – Qara dəniz – Avropa, Mərkəzi Asiya – Azərbaycan, Azərbaycan – Türkiyə – Avropa və Azərbaycan – Türkiyə – Gürcüstan – Bolqarıstan marşrutları daxildir. Bu layihələr ölkənin təmiz enerjinin tranzit və ixrac mərkəzi kimi rolunu gücləndirir.
