Bakı. Trend:
Son günlərdə İranda internet məhdudiyyətinin tətbiq olunması hökumətin tərcih etmədiyi qərardır.
Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani bu gün (13 yanvar) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, İranın hazırkı hökuməti vətəndaşların internetlə təmin olunmasına prinsip olaraq yanaşır.
Mohacerani bildirib ki, lakin ölkənin təhlükəsizlik orqanları ölkədə baş verən təhlükəsizlik məsələlərinə görə, internetə çıxışa məhdudiyyətin tətbiq olunmasına qərar verib.
Hökumət rəsmisi qeyd edib ki, İran hökuməti internetə çıxışı vətəndaşların haqqı hesab edir və tezliklə ölkədə internetə çıxışın bərpa olunacağına ümid bəsləyir.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
Əlavə edək ki, İranda etirazlar fonunda 8 yanvardan internet çıxışına məhdudiyyət tətbiq edilib.
