Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı araşdırmalar göstərir ki, abortun kriminallaşdırılması, yəni süni hamiləlik sonlandırmasının cinayət kimi tanınması qadınların abort qərarına təsir etmir. Qanunla qadağan olunmasına baxmayaraq, qadınlar abort etməkdən imtina etmir, sadəcə daha riskli və təhlükəli yollara üz tuturlar.
Trend bu barədə ÜST-na istinadən xəbər verir.
Nəticələrə görə, kriminalizasiya qadınlara əlavə səyahət və maliyyə xərcləri, abortdan sonrakı tibbi yardıma gecikmə və ya çıxışsızlıq, psixoloji gərginlik və ictimai damğalanma kimi ciddi çətinliklər yaradır.
Eyni zamanda, bu hüquqi məhdudiyyətlər tibb işçilərinin də abort xidmətləri göstərməkdən çəkinməsinə səbəb olur. Onlar, xüsusilə zorlanma, insest və ağır döl qüsurları kimi hallarda belə hüquqi təzyiq və məsuliyyətdən ehtiyat edərək, abortu həyata keçirməkdən imtina edirlər.
ÜST bildirir ki, bu cür qanunvericilik nəticə etibarilə təhlükəli və qeyri-qanuni abort hallarının artmasına səbəb olur, tibbi sistemdə peşəkar çatışmazlığı və xidmət keyfiyyətinin zəifləməsinə yol açır.
