Bakı.Trend:
Avstraliya hökuməti dekabrın 14-də Sidney çimərliyində törədilmiş terror aktında həlak olan insanların xatirəsini anmaq üçün yanvarın 22-i milli matəm günü elan eidb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albaneze mətbuat konfransında elan verib.
“22 yanvar, yəni cümə axşamı ölkədə milli matəm günü elan olunub”, -deyə baş nazir bildirib.
O əlavə edib ki, həmin gün Avstraliya hüdudlarında olan bütün dövlət binalarında Avstraliya bayraqları endiriləcək.
14 dekabr tarixində iki nəfər – ata və oğul Navid və Sacid Əkrəmi – Sidneydə yerləşən Bondi çimərliyi ərazisində, yəhudi Hanuka bayramına həsr olunmuş tədbirin keçirildiyi məkanda insanlara atəş açıb. Polis məlumatına görə, hadisə zamanı ərazidə mindən artıq insan olub. Sonradan terror aktı kimi tanınan hücum nəticəsində 15 nəfər həyatını itirdiyi, daha 42 nəfər yaralandığı dəqiqləşib. Hücumçulardan biri saxlanılarkən öldürülüb, digəri isə yaralanaraq xəstəxanaya yerləşdirilib və sonradan ona qətl və terrorçuluq ittihamları irəli sürülüb.
