Bakı. Trend:
İranın bütün aidiyyəti qurumları və orqanları vətəndaşların haqlı tələblərinin gerçəkləşməsi istiqamətində durmadan çalışacaq.
Trend-in məlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün parlamentdəki çıxışında deyib.
Onun sözlərinə görə, iqtisadi böhran və məişət durumunun ağırlığına görə, İran vətəndaşlarının haqlı tələbləri vardır. Bu tələblərin yerinə yetirilməsi üçün ölkənin bütün rəsmi aidiyyəti qurumları durmadan çalışmalıdır.
Qalibaf bildirib ki, ötən gün (12 yanvar) İranın bütün şəhərlərində hakimiyyətə dəstək aksiyasında iştirakına görə vətəndaşlara təşəkkür etmək lazımdır. Haqlı tənqidlərinin olmasına baxmayaraq milyonlarla iranlının küçələrə axışaraq hakimiyyətə dəstək olması əcənbilərin müdaxiləsini iflasa uğratdı.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
Bildirək ki, ötən gün İranda hakimiyyətə dəstək aksiyası keçirilib.
