Bakı. Trend:
Yeniyetməlik dövrünün əsas cəhətlərindən biri də müstəqilliyə can atmalardır.
Trend xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində klinik uşaq psixoloqu Elnarə Baxışlı açıqlayıb.
Onun sözlərinə görə, bu müstəqillik anlayışı onlar üçün subyektivdir:
“Müstəqil olmaq valideynlərin nəzarət və qadağalarından azad olmaqdır, böyüklərin həyat tərzinə can atmaqdır: pul qazanmaq, istədiklərini ala bilmək, maşın sürmək, evə gec gəlmək və s. Məhrum olduğunu düşündüyü həyat tərzini yaşamaq istəyidir: içki içmək, siqaret çəkmək, dostları ilə bütün gecə şəhərdə gəzmək və s. Problemli ailələrdə müstəqilliyə can atmanın ən əsas səbəbləri pul qazanmaqla ailədən uzaqlaşa bilmək istəyidir. Həmçinin sevdiyi şəxslə sərbəst görüşmək istəyi ola bilər. Universitetə daxil olmaq həvəsi çox zaman bu istəklərin gizli forması olur”.
Klinik uşaq psixoloqu qeyd edib ki, valideynlər bu yaş dövründə azadlığın bir məsuliyyət olduğunu təlqin etməlidirlər:
“Məsuliyyət, cavabdehlik, intizam uşaqlarda tədricən şəxsi
nümunə əsasında və həyat təcrübəsi ilə formalaşmalıdır. Bunu ilk
8-9 yaşlarında özünəqulluq bacarıqları əsasında alışdırmaq
lazımdır. Uşağın gücü yetdiyi kiçik, zamam alacaq ev işlərinə cəlb
edilməsi vacibdir. Uşaq böyüdükcə bu zaman müddəti və işin gücü
artırıla bilər. Həmçinin, özü ilə bağlı öhdəlikləri: çantasını
toplamaq, ev tapşırıqlarını yerinə yetirmək, kiçik bacı qardaşına
kömək etmək və s. Müstəqilliyin özü ilə bağlı qərarların verilməsi
vacibdir: hansı ixtisası bəyənməlidir, geyim tərzini seçməlidir,
otağının mebelin seçə bilməlidir. Dostların seçimində, səhv edən
insanları tənqid edərkən, müəllimləri tərəfindən özü tənqid
edilərkən azad və cəsarətli olmağa çalışan yeniyetmə çətinliklər
yaşaya bilər”.
E.Baxışlı bildirib ki, valideyn bilməlidir ki, səhv edən övladı
acıq vermək, istehza etmək, əzmək və eqolarını üstələmək üçün
vasitə deyil:
“Səhv edən övlad valideynin yeni və fərqli variantıdır. Onu
qaldırmaq və ona dəstək olmaq lazımdır, ona həyatı tam öyrətmək
mümkün deyil. Onu bütün həyat çətinliklərindən azad etmək də mümkün
deyil. Amma uşağa hər yıxıldığında təkrar qalxa bilmək bacarığını
öyrətmək olar. Səhvini qəbul etməyi, üzr istəməyi, gərəkirsə
bağışlamağı öyrənməlidir. Öz nümunəniz ilə özəlliklə”.
