Bakı. Trend:
Qazaxıstanın “KazMunayQaz” şirkəti Xəzər Boru Kəməri Konsorsiumunun terminalı yaxınlığında tankerlərə edilmiş dron hücumlarına münasibət bildirib.
Trend xəbər verir ki, bu barədə şirkətin rəsmi “Telegram” kanalında məlumat yayılıb.
Məlumata görə, “MATILDA gəmisi “NMŞK Kazmorttransflot” MMC tərəfindən (“KMG”nin törəmə şirkəti) icarəyə götürülüb. Tankerin Qazaxıstan nefti ilə Xəzər Boru Kəməri Konsorsiumunun terminalında yüklənməsi 18 yanvar 2026-cı il tarixinə planlaşdırılmışdı.
“13 yanvar tarixində tanker pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Hücum nəticəsində partlayış baş verib, lakin sonradan yanğın qeydə alınmayıb”, -deyə qeyd olunur.
Bildirilib ki, ekipaj üzvləri arasında xəsarət alan yoxdur. İlkin qiymətləndirməyə əsasən, gəmi üzmə qabiliyyətini qoruyub saxlayır. İlkin baxış zamanı ciddi konstruktiv zədələnmə əlamətləri aşkar edilməyib. Zərərin qiymətləndirilməsi aparılır.
17:04
xxx
Yanvarın 13-də Yunanıstana aid iki neft tankeri Qazaxıstanın neft ixracının təxminən 80%-ni həyata keçirən Xəzər Boru Kəməri Konsorsiumunun terminalı yaxınlığında pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, tankerlərdən biri – “Delta Harmony”, Yunanıstanın “Delta Tankers” şirkəti tərəfindən idarə olunur və o, “Tengizchevroil”dan neft yükləməli idi.
Digər tanker – Matilda – Yunanıstanın “Thenamaris” şirkəti tərəfindən idarə olunur və mənbələrin bildirdiyinə, görə “Karçaqanaq” yatağından neft partiyası qəbul etməli idi.
İnsidentin təfərrüatları barədə məlumat verilmir.
