...

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək

Energetika Materials 12 Yanvar 2026 16:38 (UTC +04:00)
Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 13-də Bakıda Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçiriləcək.

Trend bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir.

Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası 2020-ci il yanvarın 14-də Romada keçirilib.

Qeyd edək ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bunu rəqəmlər də təsdiqləyir. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin həcmi 11,243 milyard ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 926,8 milyon ABŞ dolları və ya 9% çoxdur.

Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 25,21%-i həcmində olub. Bununla da sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 1-ci pillədə qərarlaşıb.

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan İtaliyaya 10,803 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 960,2 milyon ABŞ dolları və ya 9,8% çoxdur. Bununla da hesabat dövründə İtaliya Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Dövr ərzində İtaliyaya ixrac edilən məhsulların 6,525 milyard ABŞ dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları təşkil edib. Bu dəyərdə sözügedən məhsulun ixracının həcmi isə 12,671 milyon ton təşkil edib. Beləliklə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan İtaliyaya ixrac edilmiş bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının dəyəri 383,1 milyon ABŞ dolları və ya 6,2%, həcmi isə 2,808 milyon ton və yaxud 28,5% artıb.

Bundan başqa, Dövlət Statistika Komitəsinin son məlumatlarına əsasən, 2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycandan İtaliyaya 3,876 milyard ABŞ dolları dəyərində 7,903 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Məlumata əsasən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində göstərici 628 milyon ABŞ dolları və ya 19,3 faiz artıb, həcm baxımından isə 160 milyon kubmetr və ya 2 faiz azalıb.

Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar–oktyabr aylarında Azərbaycandan İtaliyaya 8,063 milyard kubmetr təbii qaz ixrac edilib və bu ixracın ümumi dəyəri 3,248 milyard ABŞ dolları olub.

2025-ci ilin yanvar-noyabr aylarında İtaliyadan Azərbaycana isə 439,469 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,4 milyon ABŞ dolları və ya 7,1% azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti