...

Ötən il Azərbaycan qazının 38 faizi İtaliyaya ixrac olunub

İqtisadiyyat Materials 13 Yanvar 2026 15:44 (UTC +04:00)
Ötən il Azərbaycan qazının 38 faizi İtaliyaya ixrac olunub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il İtaliyaya 9,5 milyard kubmetr və ya Azərbaycan qazının 38 faizi ixrac olunub.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov öz rəsmi "X" səhifəsində yazıb.

Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə səmərəli müzakirələr aparılıb.

"Çoxölçülü strateji tərəfdaşlığımızı bütün sahələrdə möhkəmləndirən nailiyyətləri və əməkdaşlıq gündəliyindəki yeni layihələri nəzərdən keçirdik. Ötən il qaz ixracımızın 38 faizinin-9,5 milyard kubmetrinin tədarük edildiyi İtaliya ilə enerji, nəqliyyat, investisiya və texnoloji innovasiyalar üzrə perspektivli əməkdaşlıq imkanlarını dəyərləndirdik",-deyə nazir qeyd edir.

Nazir sonda vurğulayıb ki, Hökumətlərarası Komissiya iclasının nəticəsi olaraq, 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul olunub.

Qeyd edək ki, Azərbaycan qazının İtaliyaya ixracı Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə həyata keçirilir.

Onu da qeyd edək ki, Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri olan TAP Xəzər dənizindəki “Şahdəniz” yatağından çıxarılan təbii qazı birbaşa Avropa bazarlarına nəql edir. 1 yanvar 2026-cı ildən etibarən TAP qazın nəqli üzrə yeni saziş (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürücülük gücü təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti