Bakı.Trend:
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə respublika ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, onları diqqətli olmağa, verilən tövsiyələrə əməl etməyə çağırır.
Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən sürücülərə edilən xəbərdarlıqda bildirilib.
Qeyd edilib ki, dumanlı, yağıntılı havalarda xüsusilə sürücülər
aşağıdakı təhlükəsizlik tədbirlərinə mütləq əməl etməlidirlər:
Hərəkət sürəti yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz
ara məsafəsi və interval mütləq qorunmalıdır;
Kəskin manevrlərdən, qəfil əyləcləmədən və əsassız ötmələrdən çəkinilməlidir;
Nəqliyyat vasitəsinin şüşələrinin, faralarının və işıq
siqnallarının təmiz və saz vəziyyətdə olmasına diqqət
yetirilməlidir.
Nəqliyyat vasitəsinin yaxın işıqları və ön-arxa gabarit işıqları
daim yanılı vəziyyətdə saxlanılmalıdır;
Görünmə məsafəsi kəskin azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət olduqda istifadə edilməlidir;
Qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətini zəiflətdiyi üçün zərurət olmadıqda uzaq işıqlardan istifadə etmək yolverilməzdir.
Piyadalar da məhdudiyyətli görünmə şəraitində sürücülərin onları vaxtında və aydın görə bilmələri üçün qabaqlayıcı tədbirlər görməli, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, əlverişsiz havalarda daha diqqətli və ehtiyatlı davranmalıdırlar.
