Bakı.Trend:
Azərbaycanla Ermənistan arasında ABŞ-də imzalanan birgə Bəyannamə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi nailiyyətdir.
Trend xəbər verir ki, bunu bu gün Baş Prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andiçmə mərasimi zamanı deyib.
O bildirib ki, avqustun 8-də ABŞ-də Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və ABŞ Prezidentinin iştirakı ilə keçirilən görüş regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından həlledici mərhələ olub:
"Bu görüş Azərbaycanın sülh gündəliyinə sadiqliyini və beynəlxalq müstəvidə prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Görüşün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə və Azərbaycanla Ermənistan arasında "Sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in mətninin paraflanması ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə və regional əməkdaşlığın yeni mərhələsinə xidmət edən mühüm siyasi nailiyyətdir".
Qeyd edək ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
