Bakı. Trend:
Gələcəkdə bərpa olunan enerjinin Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması real və mümkün perspektivdir.
Bunu Türkiyənin enerji və təbii sərvətlər nazirinin müavini Zafer Demircan bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində Trend-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, regional və beynəlxalq layihələr həmin region və ümumilikdə beynəlxalq mühit üçün mühüm ticarət və əməkdaşlıq imkanları yaradır:
"Xüsusilə enerji sahəsində əməkdaşlığa prioritet verilməsi məqsədəuyğundur. Ölkələrin enerji təchizatının təhlükəsizliyinin təmin olunmasında belə regional əməkdaşlıq modelləri uğurlu və nümunəvi təcrübə hesab oluna bilər. Bugünkü görüşdə də bir çox ölkə qarşılıqlı əməkdaşlığın necə inkişaf etdirilə biləcəyi barədə fikir mübadiləsi aparacaq və birgə həyata keçirilə biləcək layihələri müzakirə edəcək".
Nazir müavini vurğulayıb ki, Türkiyə bu cür regional layihələrdə fəal və təsirli iştirak etmək niyyətindədir:
"Bu iştirak yalnız qaz sahəsi ilə məhdudlaşmayacaq, gələcəkdə regional elektrik layihələrində də Türkiyənin mühüm rolu olacaq.
Azərbaycan və Türkiyə indiyədək bir çox irimiqyaslı layihələri birgə hazırlayıb və uğurla həyata keçiriblər, hazırda da bu əməkdaşlıq davam edir və gələcəkdə yeni layihələr reallaşdırılacaq. Mövcud təcrübə və zəngin bilik bazası yeni təşəbbüslər üçün ciddi əsas yaradır".
"Azərbaycan və Türkiyənin iştirak etdiyi bütün regional və beynəlxalq layihələrin uğurlu olacağına inanırıq. Bərpa olunan enerji sahəsində də qaz üzrə əldə olunan əməkdaşlıq təcrübəsinin yeni mərhələdə tətbiq edilə bilər. Gələcəkdə bərpa olunan enerjinin Azərbaycan və Türkiyə üzərindən Avropaya çatdırılması da real və mümkün perspektivdir", - nazir müavini əlavə edib.
