Bakı. Trend:
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilir.
Trend xəbər verir ki, iclaslar "Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl Enerji Layihələri” üzrə 3 plenar sessiya ilə davam edib.
Nazirlər sessiyasında çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, dünya sürətlə süni intellektin, data mərkəzlərinin və rəqəmsallaşma ilə şərtlənən “elektrik əsri”nə qədəm qoyur və artan enerji tələbatının etibarlı qarşılanmasında təbii qaz strateji rol oynayır.
O, qazın onilliklər ərzində enerji təhlükəsizliyinin əsas sütunlarından biri olaraq qalacağını və vaxtında investisiyaların vacibliyini vurğulayıb. Azərbaycandan Avropaya təbii qaz tədarükünün 2021-ci illə müqayisədə 56 faiz, Trans-Adriatik Boru Kəmərinin ötürmə gücünün isə 1,2 milyard kubmetr artırılması, eləcə də qaz təchizatı şəbəkəsinin Cənub-Şərqi Avropadan Yaxın Şərq və Mərkəzi Avropaya qədər genişləndirilməsi müsbət məqamlar kimi qeyd olunub.
Ötən il 25,2 milyard kubmetr qaz ixracının strukturunda Avropanın payının təxminən 51 faiz, Türkiyə, Gürcüstan və Suriyanın ümumilikdə payının isə 49 faiz təşkil etdiyi diqqətə çatdırılıb.
“Azərbaycan Avropa üçün etibarlı təchizatçıdır və qazımıza tələbat yüksək olaraq qalır. Lakin genişlənmə üçün tələbat tərəfdən institusional və maliyyə dəstəyi hələ də kifayət deyil. Hazırda dörd upstream layihəsinin 2026-2029-cu illərdə istismara verilməsi üzərində işləyirik. Bu il “Azəri-Çıraq-Günəşli”də sərbəst qazın işlənməsi layihəsi çərçivəsində ilk qazın hasilatını gözləyirik. Həmçinin quruda və dənizdə daha dörd kəşfiyyat layihəsi həyata keçirilir. Bütün bunlar, eləcə də BƏƏ-nin ADNOC (XRG) şirkətinin Cənub Qaz Dəhlizində səhmdara çevrilməsi kimi müsbət irəliləyişlərə baxmayaraq, Avropaya tədarük artımının əhəmiyyətli şəkildə təmin edilməsi üçün konkret maliyyə mexanizmləri ilə dəstəklənən aydın və uzunmüddətli siyasət çərçivəsi tələb olunur”, - deyə nazir əlavə edib.
Nazir daxili istehlak, ixrac və data mərkəzlərinin enerji təminatı məqsədilə ümumilikdə 8 QVt həcmində bərpa olunan enerji güclərinin və “Xəzər-Qara dəniz-Avropa”, Naxçıvandan birbaşa və Ermənistan üzərindən keçməklə “Azərbaycan-Türkiyə-Avropa”, “Transxəzər” və “Şərq-Qərb” yaşıl enerji dəhlizləri və interkonnektor layihələrinin yaradılması ilə bağlı hazırkı vəziyyəti də diqqətə çatdırıb. Bu regionlararası enerji bağlantıları və elektrik enerjisi vasitəsilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha gücləndirəcəyi vurğulanıb.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bu fikirləri səsləndirib:
“Gürcüstan Cənub Qaz Dəhlizi çərçivəsində etibarlı tranzit ölkə rolunu oynayır, regional və Avropa bazarları üçün enerji təchizatının şaxələndirilməsinə və təhlükəsizliyinə töhfə verir. Davamlı regional əməkdaşlıq və gücləndirilmiş bağlantılar təhlükəsiz və dayanıqlı enerji gələcəyinin əsas dayağı olaraq qalır. Gürcüstan 2036-cı ilədək elektrik enerjisi istehsalında özünü tam təmin etməyi hədəfləyir. Bu məqsədə bərpa olunan enerji və ötürücü infrastruktur sahələrinə, o cümlədən yeni sərhədlərarası bağlantıların inkişafına yönəldilmiş əhəmiyyətli investisiyalar hesabına nail olacaq”.
Bolqarıstanın energetika naziri Trayço Traykov bildirib:
““Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru”nun istismarına verilməsi ilə Bolqarıstan faktiki olaraq “Cənub Qaz Dəhlizi”nin strateji infrastrukturunun ayrılmaz hissəsinə çevrilmişdir. Bu dəhliz Avropa ölkələri üçün enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rolunu artıq sübut edib. Bolqarıstan qaz infrastrukturunun inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu xüsusda, Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi bir daha təsdiqləyir. Enerji sektorunda mövcud çağırışlar Cənub Qaz Dəhlizi çərçivəsində formalaşmış etibarlı tərəfdaşlıqlar kimi möhkəm əməkdaşlıq mexanizmlərini tələb edir və bu əməkdaşlıq artıq “yaşıl enerji dəhlizləri” və zonaları təşəbbüslərinə də şamil olunmaqdadır. Bolqarıstan “Yaşıl Enerji Dəhlizi” layihəsini ilk vaxtdan dəstəkləyən ölkədir”.
Moldovanın energetika naziri Dorin Junqetu isə deyib ki, ölkəsinin strateji prioriteti qaz bazarının Avropa enerji infrastrukturuna ardıcıl inteqrasiyasının təmin edilməsidir:
"Bu yanaşma rəqabətədavamlı transsərhəd tədarükü və Xəzər regionundan tədarük olunan həcmlər də daxil olmaqla çoxsaylı təchizatçılara çıxışı təmin edəcək”.
ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or onlayn çıxışında vurğulayıb ki, Cənub Qaz Dəhlizi bölgədəki uğurlu tərəfdaşlığımızın mərkəzində dayanır və enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sıx bağlı olduğuna dair ortaq mövqeyimizi əks etdirir:
"ABŞ Cənub Qaz Dəhlizini yaradıldığı ilk gündən dəstəkləyir və dəhlizin Qafqaz regionunu Avropa ilə birbaşa birləşdirmək baxımından strateji əhəmiyyətini yüksək qiymətləndirir. Biz “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun və daha geniş “Trans-Xəzər” marşrutunun tam potensialını reallaşdırmaq, regional iqtisadi inteqrasiyanı gücləndirmək, eləcə də enerji, strateji minerallar və digər məhsullar üçün ticarət yollarını genişləndirmək sahəsində birgə əməkdaşlıq üçün böyük imkanlar görürük”.
Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi Lord Con Alderdays isə onlayn çıxışında Azərbaycan regional və Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi rolunu yüksək qiymətləndirib:
"Artıq otuz ildən çoxdur ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında münasibətlərin təməlini enerji sahəsində əməkdaşlıq təşkil edir. Birləşmiş Krallıq “yaşıl enerji dəhliz”ləri və təmiz enerji layihələri üzrə əməkdaşlıqda böyük potensial görür. Bu təşəbbüslər yalnız Azərbaycana deyil, həm də daha geniş regiona və Avropa bazarlarına mühüm töhfə verəcək”.
Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Zəfər Dəmircan çıxışında bunları qeyd edib ki, Cənub Qaz Dəhlizinin uzunmüddətli enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində oynadığı strateji rol barədə ümumi ortaq anlayış mövcuddur:
"Bu qiymətli konsepsiya indi Qafqaz və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi” istiqamətində inkişaf etməkdədir. Türkiyə yalnız təbii qazın nəqli üçün deyil, həm də elektrik enerjisinin ötürülməsi üçün ən əlverişli marşrutdur. Əməkdaşlıq və tərəfdaşlıq enerji təchizatının təhlükəsizliyini gücləndirmək və xalqlarımızın rifahını, həmçinin sosial-iqtisadi inkişafını artırmaq üçün istifadə edə biləcəyimiz yeganə və effektiv alətlərdir”.
Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov isə bildirib ki, Qazaxıstan enerji sahəsində Azərbaycan ilə strateji tərəfdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlıqda keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün böyük potensial görür:
"Xüsusilə Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında “yaşıl” enerjinin istehsalı və ötürülməsi üzrə genişmiqyaslı layihə ilə bağlı əldə olunmuş razılaşmaları qeyd etmək istərdim. Dövlətlərimizin başçıları tərəfindən imzalanmış saziş yalnız milli enerji sistemlərinin dayanıqlığını gücləndirmir, eyni zamanda “yaşıl” investisiyaların cəlb edilməsi vasitəsilə emissiyaların azaldılması üzrə ekoloji hədəflərimizin həyata keçirilməsinə birbaşa töhfə verir. Birgə səylər və yeni marşrutların yaradılması sayəsində biz regionun enerji müstəqilliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsi üçün təməl formalaşdırırıq”.
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Sztaray qeyd edib ki, Macarıstan hökumətinin əsas məqsədi idxal mənbələri və marşrutlarının şaxələndirilməsini tələb edən sabit, rasional və iqlim baxımından neytral enerji təchizatını təmin etməkdir.
“Cənub Qaz Dəhlizi sessiyası”nda isə SOCAR, bp, Azərbaycan Qaz Təchizatı Şirkəti, TANAP, TAP, ICGB, XRG, TotalEnergies, Asiya İnkişaf Bankı və Boston Consulting Group nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.
“Yaşıl Enerji Layihələri” sessiyasında BOEMDA, “SOCAR Green”, “Masdar”, “ACWA Power”, bp, Xlinks, Zhero, CEER, IFC, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı və İƏT-in Təmiz Enerji Mərkəzinin (CECECO) nümayəndələrinin “yaşıl enerji dəhliz”ləri və layihələri, “yaşıl enerji” interkonnektorları ilə bağlı təqdimatları dinlənilib.
Qeyd edək ki, toplantıya Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak edirlər.
