Bakı. Trend:
bp şirkəti Şahdəniz yatağından əlavə digər yeni qaz mənbələrinin axtarışı üzrə işlər aparır.
Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclasında çıxışında deyib.
“Bu istiqamətdə əsas fəaliyyətlərdən biri də AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının işlənməsidir. Bu ehtiyatların xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür.Biz artıq Qərbi Çıraq platformasından ilk sərbəst təbii qaz hasilatı quyusunu qazmışıq və yaxın aylarda ilk qazın hasil olunacağını gözləyirik.Bu quyu həmçinin AÇG yatağındakı sərbəst təbii qaz ehtiyatlarının işlənməsi üzrə növbəti addımların müəyyənləşdirilməsi üçün mühüm qiymətləndirmə məlumatları təqdim edəcək”, - o bildirib.
Şou bp-nin ötən il “Karabagh” və ADUA (Əşrəfi- Dan Ulduzu-Aypara) layihələrinə qoşulduğunu da xatırladıb.
“Məqsəd Xəzərdə yeni neft və qaz yataqlarının və perspektiv strukturların kəşfiyyatı və işlənməsidir.SOCAR ilə birlikdə mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan verəcək işlənmə variantlarını qiymətləndiririk.Operator olaraq, bu layihələrin təhlükəsiz və səmərəli şəkildə irəli aparılması üçün qlobal təcrübəmizi və texnologiyalarımızı tətbiq edirik.İlk addım olaraq, hər iki layihə üzrə laylar haqqında daha ətraflı məlumat əldə etmək məqsədilə seysmik tədqiqat proqramları həyata keçiririk.
Bu məlumatlar gələcək işlənmə konsepsiyalarının hazırlanması üçün çox əhəmiyyətli olacaq. Biz həmçinin Şəfəq-Asiman bloku üzrə qiymətləndirmə işlərini davam etdiririk və bunu artıq yeni tərəfdaşımız TPAO ilə birlikdə həyata keçiririk. Bu əməkdaşlıq layihəyə əlavə texniki və maliyyə imkanları gətirir.Bu isə perspektivli struktur üzrə işlərin sürətləndirilməsinə kömək edəcək”,- vitse-prezident bildirib.
