Bakı. Trend:
Regiondan müxtəlif istiqamətlərə enerji ixracı da yaşıl siyasətimizin vacib hissəsini təşkil edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib.
Onun sözlərinə görə, "yaşıl enerji" üç əsas sütuna əsaslanır: "Birincisi, enerji təhlükəsizliyi, təbii ki, iqtisadi faydalar və həmçinin ətraf mühitin davamlılığıdır.
Azərbaycanın yaşıl enerji layihələrini inkişaf etdirərək və bu enerjinin Avropa qitəsinə ixracını planlaşdıraraq, ilk növbədə ölkəmizin, Azərbaycan Respublikasının, həmçinin yaxın qonşularımızın enerji təhlükəsizliyini təmin edirik, eləcə də Avropa tərəfdaşlarımız üçün. Təbii ki, qeyd etdiyim kimi, bu layihələr iqtisadi baxımdan da bütün tərəfdaşlarımız, o cümlədən Avropa İttifaqı tərəfdaşlarımız üçün faydalıdır".
"Bu layihələrin ətraf mühit baxımından da çox önəmli tərəfi vardır. Bu sahədə həyata keçirdiyimiz bütün proqramlar sayəsində həm özümüzün, həm də tərəfdaşlarımızın ətraf mühit təhlükəsizliyinə ciddi töhfə veririk", - nazir qeyd edib.
