Bakı. Trend:
Macarıstanın paytaxtı Budapeşt şəhərində Xocalı Soyqırımının 34-cü ildönümünə həsr olunan “Bəşəriyyətin əks-sədaları: Xocalını xatırlayırıq 1992” (“Echoes of Humanity: Remembering Khojaly 1992”) adlı anım tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, anım mərasimi Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində baş tutub. Tədbir Səfirliyin və Azərbaycan Diaspor Gənclərinin Macarıstan nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşdirilib.
Tədbirdə Macarıstanda yaşayan müxtəlif ölkələrdən - Çin, Fransa, Hindistan, Qazaxıstan, Pakistan, Misir, Türkmənistan və Türkiyədən olan gənclər, ADG-nin Macarıstan qrupu nümayəndələri, diplomatlar və digər dəvətli qonaqlar iştirak ediblər.
Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda törətdiyi vəhşiliyin insanlıq əleyhinə cinayət kimi tarixə düşdüyünü bildirib. Azərbaycan dövlətinin və xalqının ədalətin bərpası və həqiqətlərin dünyaya çatdırılması üçün əzmkarlıq göstərdiyini vurğulayıb.
Proqram çərçivəsində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası və Xocalıda baş verən hadisələr barədə faktlara əsaslanan məlumatlar verilib. Tələbə Məhəmməd Cəfərovun fortepianoda müşayiəti ilə faciəni əks etdirən vizual materiallar nümayiş olunub.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan və hazırda Xocalıda yaşayan ailələr haqqında görüntülər təqdim edilərək dirçəliş və ümid mesajı verilib.
“Echoes of Humanity” adlı anım tədbiri bir daha nümayiş etdirib ki, tarixi yaddaşın yaşadılması yalnız bir xalqın deyil, bütün bəşəriyyətin mənəvi məsuliyyətidir. Gənclərin fəal iştirakı ilə keçirilən tədbir həmrəyliyin, humanizmin və sülh çağırışının ifadəsinə çevrilib.
