...

Bolqarıstan Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqdir - Nazir

Energetika Materials 3 Mart 2026 14:31 (UTC +04:00)
Bolqarıstan Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiqdir - Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstan Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın bundan sonra daha da möhkəmləndirilməsinə sadiqdir.

Trend xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Trayço Traykov Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışında deyib.

Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektorunun (İGB) istismarına verilməsi ilə Bolqarıstan faktiki olaraq Cənub Qaz Dəhlizinin strateji infrastrukturunun ayrılmaz hissəsinə çevrilib. Bu dəhliz Avropa ölkələri üçün enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də mənbələrin və marşrutların şaxələndirilməsi baxımından mühüm rolunu artıq sübut edib. Bolqarıstan qaz infrastrukturunun inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu xüsusda, Cənub Qaz Dəhlizi çərçivəsində tərəfdaşlığın daha da gücləndirilməsinə sadiqliyimizi bir daha təsdiqləyirik”,-deyə o bildirib.

Traykovun sözlərinə əsasən, enerji sektorunda mövcud çağırışlar Cənub Qaz Dəhlizi çərçivəsində formalaşmış etibarlı tərəfdaşlıqlar kimi möhkəm əməkdaşlıq mexanizmlərini tələb edir və bu əməkdaşlıq artıq “Yaşıl Enerji Dəhlizləri" və zonaları təşəbbüslərinə də şamil olunmaqdadır.

“Bolqarıstan “Yaşıl Enerji Dəhlizi" layihəsini ilk vaxtdan dəstəkləyən ölkədir”,-deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).

Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib. Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə imkan verəcək.

Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqliyyat sistemi (DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini (Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaz nəqliyyat sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində birləşdirilib.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32 düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazın Yunanıstan-Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazar marağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılı olaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti