Bakı. Trend:
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyətini nümayiş etdirməyə davam edir.
Trend xəbər verir ki, bunu Yunanıstanın Ətraf Mühit və Energetika Nazirliyinin enerji və mineral resurslar üzrə Baş katibi Despina Paliaruta Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin bu gün Bakıda keçirilən 12-ci iclasında etdiyi çıxıda deyib.
“Dərin geosiyasi sarsıntılarla səciyyələnən bir dövrdə bu dəhliz etibarlı şaxələndirmə marşrutu və daha geniş region üçün sabitləşdirici amil olduğunu sübut etmişdir. Cənub Qaz Dəhlizi yalnız şaxələndirmə marşrutu kimi deyil, həm də dekarbonizasiya üçün potensial vasitə kimi qiymətləndirilməlidir”,- o bildirib
Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).
Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib. Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə imkan verəcək.
