Bakı. Trend:
Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi və təchizatın şaxələndirilməsi səylərində həlledici rolunu davam etdirir və bölgədə enerji sistemlərinin dayanıqlılığının gücləndirilməsinə əhəmiyyətli töhfə verir.
Trend xəbər verir ki, bunu Xorvatiyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Vedran Şpehar Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin Bakıda keçirilən 12-ci iclasında etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, Xorvatiya konstruktiv enerji tərəfdaşlıqlarına, o cümlədən Azərbaycanla əməkdaşlığına yüksək qiymət verir. Bu tərəfdaşlıqlar həm milli, həm də regional bazarlar üçün sabit və şaxələndirilmiş qaz təchizatının təmin olunmasına xidmət edir:
“Gələcəyə baxdıqda, Xorvatiya Cənub Qaz Dəhlizinin Avropanın dəyişən enerji mənzərəsində davam edən strateji əhəmiyyətini anlayır. Aşağı karbonlu gələcəyə keçid prosesi davam etdikcə təbii qaz enerji sistemlərinin təhlükəsiz, balanslı və sabit fəaliyyətinin təmin olunmasında həlledici rolunu qoruyacaqdır”.
Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).
Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib. Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə imkan verəcək.
