Bakı. Trend:
Əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması sahəsində praktik müstəvidə hələ də institusional yanaşmanın təkmilləşdirilməsinə ehtiyac qalmaqdadır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında İnsan hüquqları üzrə müvəkkilin 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı deyib.
Sədr müavini bildirib ki, vətəndaşların ən çox narazı qaldığı məqamlardan biri qərarın izah edilmə mexanizmidir:
“Həkim tibbi vəziyyətə uyğun elektron formanı doldurur, sənədlər sosial ekspertizaya göndərilir. Əgər əlillik təyin olunmursa, vətəndaşa bəzən “forma natamam doldurulub” kimi ümumi ifadə təqdim edilir. Bu isə məsuliyyətin yanlış istiqamətə yönəlməsinə səbəb olur və vətəndaş-həkim münasibətində süni gərginlik yaradır. Halbuki əlilliyin təyinat meyarları kifayət qədər inkişaf edib və funksional məhdudiyyətin obyektiv qiymətləndirilməsinə əsaslanır”.
Millət vəkili vurğulayıb ki, problemin kökü meyarların zəifliyi deyil, qərarın əsaslandırılması və institusional kommunikasiya mexanizmidir:
“Növbəti mərhələdə qərarların əsaslandırılması daha detallı və standartlaşdırılmış formada təqdim olunmalı, tibbi sənəd çatışmazlığı ilə normativ meyar çatışmazlığı aydın şəkildə fərqləndirilməli, elektron sistem üzərindən vətəndaşa izahlı rəy verilməlidir. Biz bir tərəfdən haqsız təyinatların qarşısını almışıq. İndi isə vəzifəmiz haqlı müraciət edən vətəndaşın qərarı aydın və əsaslandırılmış şəkildə anlamasını təmin etməkdir. İslahatların növbəti mərhələsi məhz institusional koordinasiya və şəffaflıq mərhələsi olmalıdır”.
