Bakı. Trend:
Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA) və Xorvatiyanın "Energia Naturalis d.o.o" şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Trend xəbər verir ki, memorandum bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində imzalanıb.
Anlaşma Memorandumunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "Energia Naturalis d.o.o" şirkətinin İdarə Heyətinin sədri Bostjan Napast imzalayıblar.
Cavid Abdullayev bildirib ki, Xorvatiyanın "Energia Naturalis d.o.o" şirkəti ilə imzalanan Anlaşma Memorandumu ilə bərpa olunan enerji sahəsində mümkün əməkdaşlıqla bağlı təhlillərin aparılması və mümkün layihə istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur:
"Bu, Xorvatiyanın kifayət qədər nüfuzlu və geniş portfelə malik olan şirkətidir. O, yalnız bərpa olunan enerji sahəsində fəaliyyət göstərmir. Ona görə də belə hesab edirik ki, bizim istər bərpa olunan enerji mənbələrinin ərazilərinin Azərbaycanda diversifikasiyası, istər işlədiyimiz şirkətlərin coğrafiyasının diversifikasiyası ciddi rəqabət yaratmağa və son nəticədə ölkəmiz üçün ən sərfəli kommersiya şərtlərinə nail olmağa dəstək verəcək".
