Bakı. Trend:
2030-cu ilədək ümumi gücü 6 giqavata qədər, 2033-cü ilədək isə 8 giqavata qədər bərpa olunan enerji layihələrinin reallaşdırılması gözlənilir.
Trend xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib.
Onun sözlərinə görə, bu genişlənmə nəticəsində yaranacaq
elektrik enerjisi artıqlığı hazırda müxtəlif inkişaf mərhələlərində
olan dörd interkonnektor vasitəsilə ixrac edilə bilər: "Bu
interkonnektorlar Məşvərət Şurasında geniş müzakirə olunduğundan,
onların təfərrüatlarına burada ayrıca toxunmuram.
Hazırda günəş və külək enerjisi ilə paralel olaraq digər
bərpaolunan enerji mənbələrinin də araşdırılması istiqamətində
ixtisaslaşmış elmi-tədqiqat institutlarının iştirakı ilə işlər
aparılır".
C. Abdullayev xatırladıb ki, Dünya Bankının dəstəyi ilə hazırlanmış və “Geothermal Resource Assessment for Direct Use Developments in Azerbaijan” adlı hesabat "Baku Energy Week 2025" çərçivəsində təqdim olunub: "Hesabat ölkə üzrə geotermal enerji resurslarının hərtərəfli qiymətləndirilməsini təqdim edir, mövcud qanunvericilik bazasını təhlil edir və ətraflı fəaliyyət planını müəyyənləşdirir.
Hidrogen istehsalı ilə bağlı məsələlərə də xüsusi diqqət yetirmək istərdim. COP29 zamanı Azərbaycan “Milli Hidrogen Strateji Baxış” sənədini təqdim etmişdir. Bu sənəddə yaşıl hidrogenin inkişafı üçün üç ssenari - balanslaşdırılmış, sürətləndirilmiş və ambisiyalı - müəyyən edilib. Hər bir ssenari daxili istehlak və ixrac istiqamətlərini, eləcə də "yaşıl hidrogen" istehsalı üçün tələb olunan bərpa olunan enerji gücünü müəyyənləşdirir.
Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi ilə bu strateji baxışın ətraflı icra planı hazırlanmaqdadır
Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını, eləcə də Naxçıvanı yaşıl enerji zonaları kimi müəyyən etmişdir. İlk iki zona üzrə əhatəli konsepsiya və fəaliyyət planı hazırlanmış və icra mərhələsindədir.
Konsepsiyanın əsas məqsədlərinə təmiz enerjidən səmərəli istifadə və onun potensial tətbiqinin genişləndirilməsi daxildir".
