Bakı. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanın iştirak etdiyi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) ölkələri üçün yeni nəsil sərhəd-keçid məntəqələrinin inkişafı üzrə regional layihəni (Developing New Generation Border Crossing Points) nəzərdən keçirir.
Trend bu barədə banka istinadən məlumat yayıb.
Layihənin maliyyələşdirilməsinin ABŞ dolları ekvivalentində 1 milyon dollar həcmində Texniki Yardım üzrə Xüsusi Fond vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Layihə CAREC ölkələrinə iqlim dayanıqlılığına xüsusi diqqət yetirməklə və innovativ həllərin tətbiqi əsasında yeni nəsil sərhəd-keçid məntəqələrinin hazırlanmasına dəstək göstərməyi hədəfləyir.
Layihə çərçivəsində bir neçə prioritet sərhəd-keçid məntəqəsi üzrə hazırlıq işlərinin aparılması planlaşdırılır. Buraya texniki-iqtisadi əsaslandırmaların və kompleks ekspertizanın hazırlanması, eləcə də layihələrin hazırlanması və icrası üçün yeni yanaşmanın formalaşdırılması daxildir. Bundan əlavə, təşəbbüs CAREC ölkələrinin sərhəd-keçid məntəqələrinin inkişafı və istismarı sahəsində institusional potensialının gücləndirilməsini də nəzərdə tutur.
Layihənin icrası sərhəd-keçid məntəqələrində infrastrukturun və prosedurların təkmilləşdirilməsinə imkan yaradacaq ki, bu da CAREC nəqliyyat şəbəkəsi boyunca ticarət əməliyyatları üçün vaxt və xərclərin azalmasına səbəb olacaq. Sərhəd-keçid məntəqələrinin modernləşdirilməsi təşəbbüsün əsas nəticələrindən biri olacaq, beynəlxalq yükdaşımaların sadələşdirilməsinə və regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.
