...

Azərbaycan region üçün yaşıl enerji sahəsində nümunəvi modelə çevrilir - AYİB

İqtisadiyyat Materials 3 Mart 2026 17:09 (UTC +04:00)
Azərbaycan region üçün yaşıl enerji sahəsində nümunəvi modelə çevrilir - AYİB
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan region üçün yaşıl enerji sahəsində nümunəvi modelə çevrilir.

Trend xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının Avrasiya regionu üzrə Enerji departamentinin rəhbəri Sule Kilic bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib.

Onun sözlərinə görə, bağlantılılıq həm nəqliyyat, həm də rəqəmsal sahədə Azərbaycan ilə digər ölkələr – Gürcüstan, Türkiyə, Rumıniya, Macarıstan, Bolqarıstan, Özbəkistan və Qazaxıstan arasında əməkdaşlığı əhatə edir: "Bu ölkələrin hamısı Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) əməliyyat apardığı dövlətlərdir. Azərbaycan isə bütün bu ölkələri bir araya gətirərək dünyanın iki qitəsi arasında real körpü rolunu oynayan mühüm mərkəzi mövqeyə malikdir.

Bu iddialı infrastruktur layihələri böyük həcmdə bərpa olunan enerji tələb edəcək. Azərbaycan və bütövlükdə region bu potensialı təmin edə bilər. AYİB isə burada, o cümlədən Azərbaycanda dekarbonizasiya gündəliyinin əsas dəstəkçilərindən biridir. Bank ölkədə 1,2 qiqavattdan artıq bərpa olunan enerji gücünün maliyyələşdirilməsini həyata keçirib. Buraya Azərbaycanın ilk iki iri miqyaslı, özəl mülkiyyətə məxsus elektrik stansiyası – 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası və 240 meqavatlıq Xızı-Abşeron külək elektrik layihəsi, eləcə də Qafqazın ən böyük iki bərpa olunan enerji layihəsi olan Biləsuvar və Neftçala rayonlarında müvafiq olaraq 445 meqavat və 350 meqavat gücündə günəş stansiyaları daxildir.
Bu layihələrin hər il təxminən 3 000 qiqavatt-saat təmiz elektrik enerjisi istehsal edəcəyi və karbon emissiyalarını illik 1,4 milyon tondan çox azaldacağı gözlənilir".

O bildirib ki, AYİB-in Azərbaycanın enerji keçidinə və bərpa olunan enerjinin inkişafına dəstəyi yalnız investisiyalarla məhdudlaşmır: "İllər ərzində Bank Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə sıx əməkdaşlıq edərək, müxtəlif siyasi təşəbbüsləri vasitəsilə bərpa olunan enerji sahəsinə investisiyaları təşviq edən əlverişli mühitin formalaşdırılmasına dəstək göstərib.

Məsələn, 2018-ci ildən etibarən AYİB Azərbaycanda müvafiq enerji qanunvericiliyinin hazırlanması ilə bağlı texniki yardım göstərir. Bu qanunvericilik bazası beynəlxalq investorların Azərbaycanın enerji sektoruna cəlb olunması üçün əsas şərtlərdən biridir və artıq bunun uğurlu nəticələrini görmək mümkündür.
AYİB həmçinin Azərbaycanda ilk dəfə keçirilən bərpa olunan enerji hərracının hazırlanmasına dəstək göstərib və nəticələr COP29 çərçivəsində elan olunub. Hərrac ölkənin bərpa olunan enerji sektorunda mühüm mərhələ olmaqla yanaşı, yüksək rəqabətli tariflərin formalaşması ilə nəticələnib".

"Eyni zamanda, Azərbaycan COP29 çərçivəsində AYİB-in dəstəyi ilə hazırlanmış Milli Hidrogen Strategiyasının təqdimatı ilə daha “yaşıl gələcəy"ə doğru mühüm addım atıb. Bu, 2023-cü ildə Bankın Azərbaycanda aşağı karbonlu hidrogen iqtisadiyyatı üzrə bazar araşdırmasının hazırlanmasına verdiyi dəstəyin davamıdır. Həmin araşdırma “yaşıl hidrogen" istehsalının kommersiya baxımından səmərəli olduğunu, onun regional enerji bazarına tədarük imkanlarını, eləcə də daxili istehlak sahələrini müəyyən edib.

Hazırda AYİB Energetika Nazirliyinə elektrik enerjisi istehsalı sektorunda aşağı karbonlu və iqlimə davamlı inkişaf yol xəritəsinin hazırlanmasında, eləcə də Milli Hidrogen Strategiyasının icrasında dəstəyini davam etdirir.

Biz inanırıq ki, bu təşəbbüslərin hər ikisi təkcə Azərbaycanda deyil, bütövlükdə regionda özəl investorlar üçün çoxsaylı investisiya imkanları yaradacaq. Əslində, Azərbaycan bu istiqamətlərdə region ölkələri üçün nümunəvi model rolunu oynayır", - AYİB rəsmisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti