Bakı. Trend:
Xəzər regionunda “yaşıl” enerji dəhlizləri formalaşır və Asiya İnkişaf Bankı (AİB) bu transformasiyanı fəal şəkildə dəstəkləyir.
Trend xəbər verir ki, bunu AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi və “Yaşıl” enerji üzrə Məşvərət şuralarının iclasında deyib.
Onun sözlərinə görə, AİB dənizdə külək enerjisinin inkişafında iştirak edir, regional ötürmə şəbəkələrini və ölkələrarası enerji bağlantılarını dəstəkləyir, həmçinin elektrik şəbəkələrinin rəqəmsallaşdırılması və modernləşdirilməsini təşviq edir.
“Bu səylər ayrı-ayrı təşəbbüslər deyil. Onlar birlikdə sistemli transformasiyaya töhfə verir, bərpa olunan enerji mənbələrinin genişmiqyaslı inteqrasiyası üçün elektrik şəbəkələrini gücləndirir və “yaşıl” enerjinin ixracı üçün yeni marşrutlar yaradır.
Gələcək yol praqmatizm, koordinasiya və uzunmüddətli baxış tələb edir. İnvestisiyalar eyni zamanda sabitliyi təmin etməli və gələcək karbonsuzlaşdırmanı dəstəkləməlidir”, – deyə o əlavə edib.
Direktor qeyd edib ki, AİB bu transformasiya prosesində balanslaşdırılmış, dayanıqlı və uzunmüddətli enerji sistemlərinin inkişafına töhfə verərək etibarlı və sadiq tərəfdaş olaraq qalmağa hazırdır.
