...

bp şirkəti “Şahdəniz”də sualtı hasilat sisteminin genişləndirilməsini davam etdirir - Vitse-prezident

Energetika Materials 3 Mart 2026 15:51 (UTC +04:00)
bp şirkəti “Şahdəniz”də sualtı hasilat sisteminin genişləndirilməsini davam etdirir - Vitse-prezident
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp şirkəti “Şahdəniz”də sualtı hasilat sisteminin genişləndirilməsini davam etdirir.

Trend xəbər verir ki, bunu bu gün bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclasında çıxışında deyib.

“Beş sualtı cinahın hamısı artıq istirmardadır.Və biz növbəti illərdə əlavə altı quyunun istismara verilməsini planlaşdırırıq.Bütün bunlar Azərbaycanın qaz təchizatı imkanlarını gücləndirir və region və Avropa bazarları üzrə götürülmüş öhdəliklərin yerinə yetirilməsinə dəstək verir”,- Şou bildirib.

Şou vurğulayıb ki, “Şahdəniz” təhlükəsiz və səmərəli qaz istehsalını davam etdirir.

“O, Azərbaycanın Avropa və regional enerji bazarları qarşısındakı öhdəliklərinin əsas sütunlarından biri olaraq qalır. Bu il Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalanmasının 30 ili tamam olur. Otuz ildən sonra hamımız bu nəhəng yatağın uğuru ilə qürur duya bilərik. Ötən il Şahdəniz yatağı təxminən 27 milyard kubmetr qaz hasil edib və demək olar ki, 100% etibarlılıq səviyyəsi nümayiş etdirib”, - bp vitse-prezidenti əlavə edib.

O həmçinin, “Şahdənizin” bp-nin ən iri qaz hasilat layihəsi olduğunu diqqətə çatdırıb

“Hazırda Şahdəniz qurğuları gündə təxminən 77 milyon standart kubmetr qaz hasilatı və emalı gücünə malikdir. TAP boru kəmərinin genişləndirilməsindən sonra CQD operatorları 1 yanvar 2026-cı il tarixindən etibarən Avropaya gündəlik ixrac həcmlərini artıraraq ildə təxminən 12 milyard kubmetrə çatdırıb.Bu ötürücülük gücü hazırda qüvvədədir və istifadə edilir”,- o bildirib.

Qeyd edək ki, “Şahdəniz” layihəsinin iştirakçı payları aşağıdakı kimi bölüşdürülür: bp (operator – 29,99%), LUKOIL – 19,99%, TPAO – 19,00%, SGC – 16,02%, NICO – 10,00% və MVM – 5,00%.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti