Bakı. Trend:
Macarıstan Cənub Qaz Dəhlizi layihəsinin ötürmə gücünün artırılmasını Avropanın təbii qaz təchizatı marşrutlarının şaxələndirilməsi baxımından əsas layihə hesab edir.
Trend xəbər verir ki, bunu Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti və enerji təhlükəsizliyi üzrə dövlət katibi Peter Staray Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin bu gün Bakıda keçirilən 12-ci iclasında etdiyi çıxışda deyib.
“Macarıstan hökumətinin əsas məqsədi idxal mənbələri və marşrutlarının şaxələndirilməsini tələb edən sabit, rasional və iqlim baxımından neytral enerji təchizatını təmin etməkdir. Macarıstan Cənub Qaz Dəhlizi layihəsinin ötürmə gücünün artırılmasını Avropanın təbii qaz təchizatı marşrutlarının şaxələndirilməsi baxımından əsas layihə hesab edir”,- Staray bildirib.
Onun sözlərinə görə, “Yaşıl Enerji Dəhlizi” layihəsi isə təkcə regional deyil, həm də qlobal səviyyədə unikal təşəbbüsdür və regionlararası əməkdaşlıq sahəsində qabaqcıl nümunə olmaq potensialına malik olduğuna görə Avropa üçün əsas əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).
Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib. Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə imkan verəcək.
