Bakı. Trend:
2020-ci ilin sonunda Trans-Adriatik Boru Kəmərinin istismara verilməsi Azərbaycan qazının birbaşa Avropa bazarlarına çatdırılmasına imkan yaratmaqla tarixi mərhələ oldu.
Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib.
O bildirib ki, ardınca 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması əməkdaşlığın yeni mərhələsinin əsasını qoydu:
"Bu sənəd ixrac həcmlərinin artırılması və uzunmüddətli əməkdaşlığın gücləndirilməsi üçün aydın çərçivə müəyyənləşdirdi. Yunanıstan–Bolqarıstan və Bolqarıstan–Serbiya interkonnektorlarının istismara verilməsi, həmçinin bir sıra Avropa ölkələrinin ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlıq təşəbbüsləri Azərbaycan qazının ixrac coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün Azərbaycan qazı 10-u Aİ üzvü olmaqla 16 ölkəyə çatdırılır. Təkcə 2025-ci ildə Avropa istehlakçılarına təxminən 13 milyard kubmetr qaz tədarük edilib ki, bu da 2021-ci illə müqayisədə təxminən 60 faiz artım deməkdir.
1 fevral 2026-cı il tarixinədək Cənub Qaz Dəhlizi vasitəsilə ümumilikdə 91,4 milyard kubmetr qaz nəql olunub, bunun 55 milyard kubmetrdən çoxu Avropaya çatdırılıb. Qısa müddətdə əldə olunan bu artım dəhlizin etibarlılığını və Azərbaycanın gələcək illərdə tədarükü artırmaq potensialını aydın şəkildə göstərir".
