Bakı. Trend:
Cənub Qaz Dəhlizi uzunmüddətli enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynayır.
Trend xəbər verir ki, bunu Türkiyənin Energetika və Təbii sərvətlər nazirinin müavini Zəfər Dəmircan Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər iclasında çıxışında bildirib.
“Cənub Qaz Dəhlizinin uzunmüddətli enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində oynadığı strateji rol barədə ümumi ortaq anlayış mövcuddur. Bu qiymətli konsepsiya indi Qafqaz və Mərkəzi Asiya ölkələrini Avropa ilə birləşdirən “Yaşıl Enerji Dəhlizi” istiqamətində inkişaf etməkdədir”, -deyə nazir müavini vurğulayıb.
O qeyd edib ki, Türkiyə yalnız təbii qazın nəqli üçün deyil, həm də elektrik enerjisinin ötürülməsi üçün ən əlverişli marşrutdur.
“Əməkdaşlıq və tərəfdaşlıq enerji təchizatının təhlükəsizliyini gücləndirmək və xalqlarımızın rifahını, həmçinin sosial-iqtisadi inkişafını artırmaq üçün istifadə edə biləcəyimiz yeganə və effektiv alətlərdir”,-deyə Demircan əlavə edib.
Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).
Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib. Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə imkan verəcək.
