Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon tərəfindən təmsil olunur.
Trend xəbər verir ki, bundan əlavə, ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr tədbir iştirakçılarına videomüraciətlə çıxış edəcək.
Qeyd edək ki, martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçirilir.
İclasda Azərbaycan və Avropa İttifaqı da daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti iştirak edəcək. Tədbirdə nazirlərin, nazir müavinlərinin və digər yüksək səviyyəli rəsmilərin iştirak edir.
Açılış sessiyasından sonra görüş Cənub Qaz Dəhlizinə həsr olunmuş nazirlər sessiyası ilə davam edəcək. Sessiyada layihənin davamlı uğurunun təmin edilməsi, inkişafın növbəti mərhələsinin təşviqi , eləcə də "yaşıl enerji" təşəbbüsləri müzakirə olunacaq.
Məşvərət Şurası çərçivəsində Aİ–Azərbaycan arasında “yaşıl nəqliyyat infrastrukturu"na investisiyalar üzrə dəyirmi masa keçiriləcək. Tədbirin sonunda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransı təşkil olunacaq.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər iclasları 2015-ci ilin fevral ayından etibarən keçirilir.
