Bakı. Trend:
İstismara verildiyi vaxtdan 1 fevral 2026-cı il tarixinədək Şahdəniz yatağından ümumilikdə 267 milyard kubmetr təbii qaz və 52,7 milyon ton kondensat hasil olunub. Bunun 87 milyard kubmetri “Şahdəniz-2” mərhələsinin payına düşür.
Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib.
O bildirib ki, yataq hazırda pik səviyyədə fəaliyyət göstərir:
"Təkcə ötən il 27,4 milyard kubmetr qaz və 3,8 milyon ton kondensat hasil edilib. Onun sabit və miqyaslana bilən fəaliyyəti Cənub Qaz Dəhlizinin qurulması üçün möhkəm əsas yaradıb.
Hazırda Avropa İttifaqı (Aİ) struktur təchizat problemi ilə üz-üzədir. Son onillikdə daxili hasilat təxminən üçdə iki azalıb, istehlak isə nisbətən sabit qalıb. Nəticədə idxaldan asılılıq təxminən 90 faizə yüksəlib".
O vurğulayıb ki, bu şəraitdə Cənub Qaz Dəhlizi Avropanın enerji sisteminin mühüm tərkib hissəsinə çevrilib:
"Layihə Avropa İttifaqının dördüncü qaz təchizatı marşrutunu açaraq həm mənbə, həm də marşrutların şaxələndirilməsini təmin edib. Bu, enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, daha karbon tutumlu yanacaqlara nisbətən daha təmiz alternativ təqdim edərək Aİ-nin "yaşıl keçid" məqsədlərinə dəstək verir və enerji sektorunun transformasiyası dövründə sistem sabitliyinə töhfə verir".
