Bakı. Trend:
bp şirkəti “Shah Deniz Compression” (Şahdəniz Kompressiya) layihəsi çərçivəsində üst modulların və dayaq blokunun tikintisi işlərini davam etdirir.
Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Stüart Şou bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclasında çıxışında deyib.
“Gələcək perspektivdə, əsas diqqətimizi Şahdəniz yatağındakı laylardan maksimum qazvermə əmsalına nail olmağa yönəltmişik. Bu istiqamətdə növbəti əsas addım Şahdəniz Kompressiya (ŞDK) layihəsidir.Layihə üzrə yekun investisiya qərarını ötən ilin iyun ayında qəbul etdik və layihəni irəli aparmaq üçün operativ şəkildə işə başladıq. Məqsədimiz aşağı təzyiqli qaz ehtiyatlarına çıxış əldə etmək və yatağın məhsuldar istismar müddətini uzatmaqdır”,- Şou bildirib.
Onun sözlərinə görə, ŞDK layihəsi 2,9 milyard ABŞ dollarında investisiyanı əhatə edir.
“Bu layihə təxminən 50 milyard kubmetr əlavə qazın və təxminən 25 milyon barel əlavə kondensatın hasil edilməsinə imkan verəcək. Əks halda, bu həcmlər əlçatmaz olaraq qalardı.Bu layihə regionun və Avropanın enerji təhlükəsizliyini daha da gücləndirməyə imkan verəcək. Layihə elektrik enerjisi ilə işləyən kompressiya qurğularından ibarət dəniz platformasının tikintisini və istismarını nəzərdə tutur - hazırda ekranda bu platformanın 3D modelini görürsünüz.Layihə həmçinin Şahdəniz Alfa və Bravo platformalarında, eləcə də Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir”,- deyə o əlavə edib.
Şou bildirib ki, ŞDK platforması gələcək nəzərə alınmaqla layihələndirilib.
“O, bütövlüklə elektrik enerjisi ilə işləyəcək və daimi heyət olmadan, məsafədən idarə olunacaq.ŞDK layihəsi həmçinin Şahdəniz Bravo platformasının və nəticə etibarilə yataqdakı əməliyyatların bütövlükdə elektrik enerjisinə keçidinə imkan yaradacaq.Yekun investisiya qərarından bəri biz bir sıra iri müqavilələr imzalamışıq.Və hazırda həm üst modulların, həm də dayaq blokunun tikintisi işlərini davam etdiririk. Bu işlər yerli istehsalat sahələrində yerli resurslardan geniş istifadə etməklə həyata keçirilir. Platformanın tikintisini 2029-cu ildə tamamlamağı planlaşdırırıq.O, həmin il Şahdəniz Alfa platformasından, 2030-cu ildə isə Şahdəniz Bravo platformasından aşağı təzyiqli qaz qəbul edəcək”,- o bildirib.
O qeyd edib ki, ŞDK layihəsi təxminən 2,9 milyard dollar həcmində investisiyanı nəzərdə tutur.
