Bakı. Trend:
Qazaxıstan enerji sektorunda Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək inkişafı üçün əhəmiyyətli potensial görür.
Trend xəbər verir ki, bunu Qazaxıstanın Energetika nazirinin müavini Sancar Jarkeșov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclasında və “Yaşıl” enerji üzrə Məşvərət Şurasının nazirlərin 4-cü iclasında bildirib.
“Qazaxıstan enerji sektorunda Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün böyük potensial görür”,- deyə o qeyd edib.
Jarkeşovun sözlərinə görə, Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında “yaşıl” enerjinin istehsalı və ötürülməsi üzrə genişmiqyaslı layihənin həyata keçirilməsi ilə bağlı əldə olunmuş razılaşmalar xüsusi önəm kəsb edir.
O vurğulayıb ki, dövlət başçıları tərəfindən imzalanmış saziş milli enerji sistemlərinin dayanıqlılığının möhkəmləndirilməsinə töhfə verir və “yaşıl” investisiyaların cəlb olunması hesabına emissiyaların azaldılması üzrə ölkələrin ekoloji məqsədlərini birbaşa dəstəkləyir.
“Birgə səylər və yeni marşrutların yaradılması ilə biz regionun enerji müstəqilliyi və təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əsas yaradırıq”, - deyə nazir müavini əlavə edib.
