Bakı. Trend:
Biz Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsini gücləndirməyə davam edəcək və “Azerbaijan Gas Supply Company Limited” (AGSC) şirkətinin bütün bazarlarda etibarlılığını təmin edəcəyik.
Trend xəbər verir ki, bunu bu gün AGSC baş direktoru Lidiya Salahova Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclasında çıxışında bildirib.
Onun sözlərinə görə, Avropanın enerji bazarı tənzimləmə sahəsində sürətli dəyişikliklərə məruz qalır və bu dəyişikliklər daha sərt standartlar tələb edir ki, şirkətlər də onlara operativ şəkildə uyğunlaşmalıdır.
“Bu, daha yüksək şəffaflıq, ciddi nəzarət və daha dayanıqlı həllərə dair tələblər deməkdir. AGSC bütün hallarda bu dəyişikliklərə çox ciddi yanaşır və qürurla bildirir ki, bazara nisbətən yaxın zamanda daxil olmasına baxmayaraq, biz ilk gündən etibarən tənzimləyici tələblərə əməl olunmasını fəaliyyətimizin təməl daşı etmişik və biznesin bütün mərhələlərində riskləri effektiv şəkildə idarə edirik. Gələcəyə baxaraq, Azərbaycanın regional və Avropa enerji təhlükəsizliyinə töhfəsini daha da gücləndirməyə, kommersiya imkanlarımızı optimallaşdırmağa və AGSC-nin xidmət göstərdiyimiz bütün bazarlarda etibarlı, nəticəyönümlü təchizatçı olaraq qalmasını təmin etməyə sadiqik. Bu gün biz görürük ki, Cənub Qaz Dəhlizinin yüksək səmərəliliyi yeni bazar imkanları və artım perspektivləri yaradır”, - L. Salahova bildirib.
