Bakı. Trend:
Ötən il ixrac edilən 25,2 milyard kubmetr təbii qazın təxminən 51 faizi Avropaya göndərilib, qalan 49 faiz isə Türkiyə, Gürcüstan və Suriyanın payına düşüb. Bu göstərir ki, əgər Cənub Qaz Dəhlizinin birinci mərhələsinə göstərilən real dəstək sonrakı mərhələlərə də şamil edilsəydi, bu gün Avropaya qaz tədarükünün ikiqat artırılması artıq reallığa çevrilmiş olardı.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cü iclası çərçivəsində çıxışında deyib.
Nazir vurğulayıb ki, Azərbaycan Avropa üçün etibarlı təchizatçıdır və Azərbaycan qazına tələbat yüksək olaraq qalır:
"Lakin genişlənmə ilə bağlı tələb tərəfdən institusional və maliyyə dəstəyi hələ də kifayət deyil. Enerji təhlükəsizliyi yalnız təchizatçının üzərinə düşə bilməz. Biz 2026–2029-cu illər arasında istismara verilməsi planlaşdırılan dörd upstream layihəni irəlilədirik. Bu il "Azəri-Çıraq-Günəşli" yatağından ilk təbii sərbəst qazın hasilatı gözlənilir. Bununla yanaşı, quruda və dənizdə dörd yeni kəşfiyyat layihəsi həyata keçirilir".
P. Şahbazov bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin Cənub Qaz Dəhlizində səhmdar qismində iştirakı da mühüm müsbət hadisədir:
"Lakin bu kimi müsbət inkişaflara baxmayaraq, Avropaya qaz həcmlərinin əhəmiyyətli dərəcədə artırılması üçün konkret maliyyə mexanizmləri ilə dəstəklənən aydın və uzunmüddətli siyasət çərçivəsi tələb olunur. Karbohidrogenlər qlobal enerji təchizatında hələ də mühüm yer tutur, bərpa olunan enerji isə şəbəkə məhdudiyyətləri ilə üzləşir. Buna görə də enerji dilemmasını dərinləşdirən yanaşmalardan imtina etməli və təbii qaza yönəlik realist, investisiya əsaslı strategiya qəbul etməliyik".
