Bakı. Trend:
Transadriatik Boru Kəməri (TAP) strateji əhəmiyyətli infrastruktur layihəsidir.
Trend xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin bu gün Bakıda keçirilən 12-ci iclasında etdiyi çıxışda deyib.
“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracını artırmaqda davam edir və bununla da region üzrə enerji təhlükəsizliyini gücləndirərək etibarlı və fasiləsiz enerji təchizatını təmin edir. Gələcəyə baxdıqda, təbii qaz enerji keçidinin dəstəklənməsində mühüm rol oynamaqda davam edəcəkdir. Cənub Qaz Dəhlizi, xüsusilə də onun son seqmenti olan Trans-Adriatik Boru Kəməri gələcək illərdə ötürmə gücü artırılacaq strateji əhəmiyyətli infrastruktur layihəsidir. Bu kəmər Xəzər hövzəsi ilə Avropa bazarı arasında birbaşa bağlantı yaradaraq təhlükəsiz, çevik və şəffaf enerji axınlarını təmin edir”,- səfir bildirib.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. TAP-ın illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edir, eyni zamanda onun 20 milyard kubmetrədək artırılması imkanı nəzərdə tutulub.
Cənub Qaz Dəhlizinin əsas elementlərindən biri olan Transadriatik qaz kəməri Xəzər dənizində yerləşən “Şahdəniz” yatağından təbii qazı birbaşa Avropa bazarlarına nəql edir.
2026-cı il yanvarın 1-dən etibarən TAP qazın nəqli üzrə yeni saziş (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürmə qabiliyyəti təqdim edib.
