Bakı. Trend:
Cənub Qaz Dəhlizi Avropa üçün yeni enerji reallığını təmsil edir.
Trend xəbər verir ki, bunu Serbiyanın Mədənçilik və Energetika Nazirliyində neft və qaz üzrə nazir müavini vəzifəsini icra edən Saşa Kokoviç Cənub Qaz Dəhlizinin Məşvərət Şurası nazirlərinin bu gün Bakıda keçirilən 12-ci iclasında etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, Serbiya ilə Bolqarıstan arasında qaz interkonnektorunun istifadəyə verilməsi ilə Serbiya ilk dəfə olaraq Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qazı da daxil olmaqla digər mənbələrdən qaz tədarükü imkanına sahib olub.
Cənub Qaz Dəhlizi sadəcə bir infrastruktur layihəsi deyil. O, Avropa üçün etibarlı tərəfdaşlıqlar və qarşılıqlı etimad əsasında formalaşan yeni enerji reallığını təmsil edir. Serbiyanın Azərbaycanla əməkdaşlığı xüsusi strateji əhəmiyyət daşıyır və əsasən Prezidentlər Aleksandar Vuçiç və İlham Əliyev arasındakı dostluq münasibətlərinə əsaslanır.
Bu günə qədər əldə edilmiş əməkdaşlıq nəticələri təbii qaz, bərpa olunan enerji mənbələri və yeni texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsini əhatə edən imzalanmış sazişlərlə təsdiqlənmişdir. Fevralın 15-də Serbiyanın paytaxtı Belqrad şəhərində həmdövrəli buxar-qaz turbin tipli elektrik stansiyasının inkişafı, layihələndirilməsi, tikintisi və idarə olunması üzrə imzalanmış son saziş iki ölkə arasında enerji əməkdaşlığının dəqiq sübutu və əsasını təşkil edir”, - o bildirib
Qeyd edək ki, Türkiyə və Avropaya qaz tədarükünü təmin edən Cənub Qaz Dəhlizi dörd əsas komponentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (SCPX), Transanadolu Qaz Boru Kəməri (TANAP) və Transadriatik Qaz Boru Kəməri (TAP).
Bu günə qədər Cənub Qaz Dəhlizinin Avropa seqmenti olan Transadriatik Qaz Boru Kəməri 56 milyard kubmetr qaz nəql edib. Bundan əlavə, cari ilin yanvar ayında TAP illik 1,2 milyard kubmetr həcmində ilk genişləndirmə prosesindən keçib ki, bu da 2026-cı ildən etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin etməyə imkan verəcək.
