...

Od çərşənbəsi - İtirilən ənənələr

Cəmiyyət Materials 3 Mart 2026 14:13 (UTC +04:00)
Od çərşənbəsi - İtirilən ənənələr
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Novruz çərşənbələri xalqımızın qədim dünyagörüşünü, mifoloji təfəkkürünü və mənəvi yaddaşını yaşadan ən mühüm mərasim qatlarından biridir. Bu çərşənbələr içində isə Od çərşənbəsi xüsusi yer tutur. Od yalnız fiziki istilik və işıq mənbəyi deyil, minilliklər boyu formalaşmış inanc sistemində müqəddəslik, təmizlənmə, qorunma və yenilənmə rəmzi kimi qəbul edilib. Qədim türk düşüncəsindən süzülüb gələn bu kult bu gün də xalqın adət-ənənələrində, mərasimlərində və gündəlik həyatında yaşamaqdadır.

Od kultu: müqəddəslik və mifoloji təməl

Mövzu ilə bağlı Trend-ə açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent, folklorşünas İlhamə Qəsəbova bildirib ki, inanc sistemində od kultu mühüm yer tutur.

Onun sözlərinə görə, mifoloji dünya görüşündə od müqəddəslik, təmizlik və qoruyucu güc rəmzi kimi qəbul olunur:

"Qədim türk inanclarında od həyatın, işığın və yenilənmənin simvoludur. Novruz mərasimlərində tonqal qalamaq və odun üzərindən tullanmaq məhz bu qədim inancların davamı kimi formalaşıb".

Mənəvi və fiziki təmizlənmə inancı

Folklorşünas qeyd edib ki, Od çərşənbəsində odun insanı mənəvi cəhətdən təmizlədiyinə inanılır və bu inanc yalnız çərşənbə ilə məhdudlaşmır:

"Ümumilikdə od fiziki və ruhi təmizlənmə vasitəsi sayılır. İnanclara görə, insanın ağrıları, pislikləri və günahları od vasitəsilə yanıb yox olur, insan mənəvi sağlamlığa qovuşur.

Novruz mərasimlərində tonqal ətrafında toplaşmaq birlik, həmrəylik və yeni başlanğıcın simvoludur. İnsanlar tonqal qalayır, odun üzərindən tullanaraq ilin uğurlu və bərəkətli keçməsini arzulayırlar. Bu ənənə qədim mifoloji düşüncənin bu günə qədər yaşayan nümunəsidir".

Od-ocaq anlayışı və ailə müqəddəsliyi

İlhamə Qəsəbova od kultunun qədim türklərin inanclarında əhəmiyyətinə də diqqət çəkib:

"Qədim türklərdə od kultu oda tapınmaq və onu müqəddəs varlıq kimi qəbul etməklə ifadə olunurdu. Od-ocaq ailəni qoruyan müqəddəs dəyər sayılırdı. Ocağın sönməsi ailənin bədbəxtliyi kimi yozulurdu. Buna görə də xalq arasında “Ocağın sönməsin” duası formalaşıb.

Od-ocaq anlayışı ailənin və soyun davamlılığını ifadə edir. Aşıq poeziyasında isə od-ocaq ilahi eşq və ilhamın rəmzi kimi təsvir olunur".

Gündəlik həyatda yaşayan inanclar

O qeyd edib ki, od kultu bu gün də Azərbaycan xalqının mərasimlərində, folklorunda və gündəlik həyatında yaşamaqdadır:

"Od qalayarkən üzərinə su töküb söndürməmək, ocağın külünü ayaqlamamaq kimi inanclar buna nümunədir. Novruz çərşənbələrində, xüsusilə kənd yerlərində qonşu sac asmaq üçün kül istədikdə onu verməzlər. İnanca görə, külün verilməsi evin bərəkətinin azalmasına səbəb olar".

Köçərilik ənənəsi və “kül salmaq” ifadəsi

"Qədim türklər köç edərkən ocağın külünü də özləri ilə aparar, yeni məskəndə həmin küldən ocaq qalayardılar. Bu, həyatın və ocağın davamlılığını simvolizə edirdi. Xalq arasında işlənən “getdi kül saldı, gəlmədi” ifadəsi də buradan qaynaqlanır. “Kül salmaq” bir yerdə məskunlaşmaq, kök salmaq və yaşamaq mənasını verir".

Od və ruhlar inancı

"Tarix boyu oda inanmaq, Novruz bayramında qapı önündə od qalamaq mənfi enerjidən təmizlənmə anlamı daşıyıb. İnanca görə, həmin gün evlərin işıqları yandırılmalıdır ki, köçmüş doğmaların ruhu evə qayıda bilsin.

Od çərşənbəsində od qalamaq xeyirin şər, işığın qaranlıq üzərində qələbəsi kimi yozulur. Qarabağ bölgəsində bu gün münasibətilə “lopa”lar hazırlanardı.

Çomağa bənzər ağacın başına lazımsız parçalar dolanır, məftillə bağlanır və neftə batırılırdı. Evdəki hər uşağın adına bir lopa düzəldilər, sonra uşaqlar onu alovlandıraraq havaya atardılar. Bu mərasim simvolik təmizlənmə və qorunma xarakteri daşıyırdı".

Süfrə mədəniyyəti və mərasim oyunları

Folklorşünasın sözlərinə görə, od çərşənbəsi həm də süfrə mədəniyyəti ilə müşayiət olunub:

"Rayonlarda sac asılar, çörək bişirilərdi. Qərb bölgəsində əriştə kəsilər, həmin günün aşı mütləq əriştə ilə bişirilərdi. Yaxın keçmişdə Qarabağda kəndin başında zurna çalınar, kəndirbazlar çıxış edər, müxtəlif oyunlar və at yarışları təşkil olunardı. Təəssüf ki, müasir dövrdə bu ənənələrin bir qismi qorunub saxlanılmayıb".

Od çərşənbəniz mübarək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti