Bakı. Trend:
Barselonanın Santa Maria de Valldonzella Kral Monastırında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan “Xocalıya qayıdış” adlı anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyəti və Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının İspaniyadakı səfiri Ramiz Həsənov, rəsmi qonaqlar, Barselonada yaşayan soydaşlarımız, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra iştirakçılara 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda xalqımızın başına gətirdikləri dəhşətli müsibətlər haqqında geniş məlumat verilib. Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlərdən danışılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyəti vurğulanıb.
Bədii hissədə Barselona Universitetinin xor kollektivi, “Artinity” Vokal Qrupu, “Salvat” kamera orkestri və solistlərin iştirakı ilə klassik musiqi parçaları səsləndirilib. Ahmet Suleyman Bilginin dirijorluğu ilə keçirilən proqramda yaddaş, sülh və ümid mövzularına həsr olunan musiqi əsərləri ifa edilib.
Şam işığında keçirilməsi anım mərasiminə xüsusi mənəvi və emosional təsir qatıb. Tədbir iştirakçılara Xocalı soyqırımının unudulmayacağı, eyni zamanda sülhün, qarşılıqlı hörmətin və mədəniyyətlərarası dialoqun təşviqi mesajlarını çatdırıb.
