...

Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib

Cəmiyyət Materials 7 İyul 2025 19:02 (UTC +04:00)
Parlamentin Mədəniyyət komitəsində ictimai dinləmə keçirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 7-də Milli Məclisin Mədəniyyət komitəsində “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və təbliğinə müasir yanaşma” mövzusunda ictimai dinləmə keçirilib.

Parlamentdən Trend-ə verilən məlumata görə, dinləmədə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının rəhbərləri və nümayəndələri, sahə mütəxəssisləri iştirak ediblər.

Komitənin sədri Polad Bülbüloğlu tədbiri açaraq, bu gün ölkəmizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini və bu istiqamətdə tarixi və mədəni abidələrə münasibətdə müvafiq işlərin görülməsi ilə bağlı fikirlərini açıqlayıb. O, tarixi abidələrimizin bərpası, mühafizəsi, tədqiqi və təbliği sahəsində mühüm addımların atıldığını bildirib. Həmçinin tarix və mədəniyyət abidələrimizin qorunmasına ictimaiyyət tərəfindən diqqət və qayğının artdığını söyləyib.

Sonra iclasda mədəniyyət naziri Adil Kərimli çıxış edib. O, Milli Məclisin sədri Sahibə Qafarovaya parlamentlə icra hakimiyyəti strukturları arasında dialoqun təmin edilməsi ilə bağlı belə platformaların həyata keçirilməsinə dəstək verdiyinə görə təşəkkürünü ifadə edib. Mövzunun əhəmiyyətindən danışan nazir tarixi və mədəni abidələrin Azərbaycanın mədəni irsinin tərkibi olduğunu deyib. Ölkə Prezidentinin rəhbərliyi ilə zəngin mədəni irsimizin, mənəvi dəyərlərimizin qorunması sahəsində məqsədyönlü ardıcıl işlərin görüldüyünü vurğulayıb.

Nazir bildirib ki, hazırda Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində yeni istiqamətlər müəyyən edilib və bunlar “Azərbaycan Mədəniyyət strategiyası 2040” sənədinin layihəsində öz əksini tapıb. O, mədəni irsin növləri və əhatə dairəsi, onun idarə olunması, hüquqi çərçivəsinin müəyyən edilməsi kimi məsələlərin vacibliyindən söhbət açıb. Nazirlikdə işçi qrupunun yaradıldığını, “Mədəni irs haqqında” qanun layihəsi üzərində işlərin aparıldığını, habelə mədəni irsə vahid baxış, vahid idarəetmənin formalaşdırılması, mədəni irsin bərpası, qorunması və təbliği istiqamətində tədbirlər planının hazırlandığını diqqətə çatdırıb.

Adil Kərimli hazırda 6150 qeydiyyatda olan tarixi mədəniyyət abidələrinin mövcud olduğunu, onlardan 4300-dən çoxunun Mədəniyyət Nazirliyinin idarəetməsində olduğunu, onların qeydiyyatı, pasportlaşdırılması ilə bağlı məsələlərin vahid çərçivədə həyata keçirilməsinin planlaşdırıldığını deyib. Bu istiqamətdə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna edilən son dəyişikliyin məqsədəmüvafiq olduğunu qeyd edib.

Nazir tarix və mədəniyyət abidələrinin qorunması sahəsində təbliğat və maarifləndirmə işinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Qanunvericilikdə hər kəsin mədəni irsə hörmətlə yanaşması, ona qayğı göstərməsi, qoruması ilə bağlı öhdəliyinin nəzərdə tutulduğunu bildirib. Mədəni irsə bağlılıqla bağlı maarifləndirmə işinin təşkilində aidiyyəti dövlət qurumlarının, medianın, ictimaiyyətin rolundan bəhs edib.

O, bu gün Prezident İlham Əliyevin tapşırığı ilə tarixi və mədəniyyət abidələrinin bərpası istiqamətində ciddi işlərin həyata keçirildiyini, xüsusilə işğaldan azad edilmiş ərazilərdə dağıdılmış və zərər görmüş abidələrin bərpası və konservasiyası ilə bağlı genişmiqyaslı layihələrin icra olunduğunu vurğulayıb. Bu sahədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən önəmli addımların atıldığını xüsusi qeyd edib.

Dinləmədə Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, deputatlar Şahin Seyidzadə, Əlibala Məhərrəmzadə, Elnarə Akimova, Gülşən Paşayeva, Ülviyyə Həmzəyeva, Sahib Alıyev, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək, tarix və mədəniyyət abidələrinin mühafizəsi, milli mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində ölkəmizdə görülən işlər barədə fikirlərini açıqlayıblar. Tarix və mədəniyyət abidələrinin elektron reyestrinin yaradılması ilə bağlı məsələnin vacibliyindən bəhs ediblər. Həmçinin milli-mənəvi dəyərlərimizin qorunmasının gənc nəslə aşılanmasının önəmini qeyd ediblər. Abidələrin mühafizəsini tənzimləyən qanunvericilik bazasının formalaşdığını və bu istiqamətdə təkmilləşdirmə işinin davam etdirildiyini bildiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Memarlar İttifaqının Memarlıq irsi üzrə komissiyasının sədri Rizvan Bayramov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev, müstəqil ekspert Faiq Nəsibov abidələrin qorunmasında institusional, maliyyə, insan resurslarının zəruriliyi, bərpa üzrə mütəxəssislərin hazırlanması, milli irsə diqqət və qayğı sahəsində ictimaiyyətin maarifləndirilməsi məsələlərinin əhəmiyyətini vurğulayıblar. Tarix və mədəniyyət abidələrinin aşkarlanması, bərpası, onların dövlət tərəfindən qorunan abidələrin siyahısına daxil edilməsi istiqamətində davamlı işlərin həyata keçirildiyini söyləyiblər. Ölkəmizin ərazisində olan qədim yaşayış məskənləri ilə bağlı arxeoloji və memarlıq abidələrinin tədqiqinin, maddi mədəniyyət abidələrinin mühafizəsinin həm də beynəlxalq səviyyədə mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər. Abidələrin vəziyyətinə və istifadəsinə nəzarətin gücləndirilməsi, onlara vurulan zərərlə bağlı məsuliyyətin müəyyən edilməsi, onların mühafizəsi sahəsində müasir texnologiyalardan geniş istifadə edilməsi və digər məsələlər barədə fikirlərini bölüşüblər.

Müzakirələr zamanı mədəniyyət naziri Adil Kərimli çıxışlarda səsləndirilən fikirlərə münasibət bildirib.

İctimai dinləmənin sonunda parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu mövzu ətrafında səmərəli müzakirələrin keçirildiyini, iştirakçılar tərəfindən səslənən qeyd və təkliflərə görə təşəkkürünü ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti