Bakı. Trend:
Efiopiya ilə Dünya Bankı arasında 1 milyard ABŞ dolları məbləğində maliyyə dəstəyini nəzərdə tutan razılaşma imzalanıb.
Trend-in yerli mediaya istinadla verdiyi məlumata görə, Əddis-Əbəbədə imzalanan sənəd Efiopiyanın davam edən iqtisadi islahat səylərini dəstəkləmək və inklüziv inkişaf mexanizmlərini gücləndirmək məqsədi daşıyır.
Efiopiyanın Maliyyə Nazirliyinin açıqlamasına əsasən, maliyyə yardımı həm qrant, həm də güzəştli kredit formasında təqdim olunacaq. Bu dəstək 2019-cu ildə başlanmış “Milli iqtisadi islahat proqramı” çərçivəsində həyata keçirilir. Proqramın məqsədi makroiqtisadi sabitliyin gücləndirilməsi, özəl sektorun inkişafının təşviqi və davamlı ictimai xidmətlərin təminidir.
Nazirlik qeyd edib ki, Dünya Bankının bu addımı qurumun Efiopiyanın “cəsarətli və genişmiqyaslı islahat gündəmini dəstəkləməyə davamlı sadiqliyini nümayiş etdirir”.
Maliyyələşdirmə beş əsas sahəyə yönəldiləcək:
Maliyyə sektorunun sabitliyinin qorunması,
Ticarət rəqabət qabiliyyətinin artırılması,
Daxili resursların səfərbərliyinin gücləndirilməsi,
Şəffaf və səmərəli dövlət idarəçiliyinin təşviqi,
Sosial xidmətlərin davamlılığı və dayanıqlığının təmin edilməsi.