...

İsrail 150-dən çox hərbi hədəfə zərbə endirib

Dünya xəbərləri Materials 13 Mart 2026 21:35 (UTC +04:00)
İsrail 150-dən çox hərbi hədəfə zərbə endirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Martın 13-də İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzi və qərb bölgələrində yerləşən hərbi hədəflərə zərbələr endirib.

Trend xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanata əsasən, gün ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus onlarla qırıcı təyyarə İranın qərb və mərkəzi hissələrində əməliyyat həyata keçirərək İran rejiminə məxsus 150-dən çox hərbi obyektə hücum edib.

Məlumata görə, zərbələrin endirildiyi hədəflər arasında silah anbarları, onlarla ballistik raket və buraxılış qurğuları, pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarlar, hava hücumundan müdafiə sistemləri və silah istehsalı müəssisələri yer alıb.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baş tutan görüş vəziyyətin diplomatik yolla nizamlanması üçün son şans kimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldə olunmayıb.

İki gün sonra, fevralın 28-də ABŞ və İsrail İranın strateji əhəmiyyətli hərbi obyektlərinə və dövlət rəhbərliyinə hədəflənmiş koordinasiyalı hərbi kampaniyaya başlayıb; İsrail bu əməliyyata “Operation Lion’s Roar”, ABŞ isə “Operation Epic Fury” adını verib. Hücumlar Tehran, İsfahan, Təbriz, Qum kimi iri şəhərlər daxil olmaqla İranın geniş ərazilərini əhatə edir.

İran həmin gün və sonrakı günlərdə cavab olaraq “Doğru Vəd 4” əməliyyatına start verib və İsrailə və regiondakı ABŞ hərbi bazalarına – İordaniya, Küveyt, Bəhreyn, Qətər və İraqdakı obyektlərə – ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirməyə başlayıb.

İsrail və ABŞ-nin 28 fevralda həyata keçirilən hərbi hava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və onun ailə üzvləri ölüb. Eyni zamanda İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, İranın Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə hərbi hava hücumları zamanı ölüblər.

Xəbər lenti

Xəbər lenti